Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın ABŞ səfəri başlayıb. Prezident səfərə yola düşərkən Atatürk Hava Limanında jurnalistlərə açıqlama verib.
Teleqraf.com-un xəbərinə görə, prezident ABŞ səfərinin qanlı dövlət çevrilişinə cəhddən sonra baş verdiyini ifadə edib: “Səfərim FETÖ-nün bütün dünya ictimaiyyətinə izah edilməsi üçün bir vəsilə olacaq. FETÖ-nun Türkiyə və digər ölkələr üçün yaratdığı təhlükəni izah edəcəyik. Hər tərəfdən bu təşkilatın yuvalarının zərərləşdirilməsi üçün çalışacağıq. Bundan sonra dünyanın heç bir bölgəsi FETÖ nümayəndələri üçün etibarlı sığınacaq olmayacaq”.
Prezident deyib ki, sentyabrın 20-də BMT Baş Assambleyasında çıxışı planlaşdırılıb: “Çıxışımda ölkəmizin BMT-də oynadığı aktiv rolu vurğulayaraq terrorla mübarizə başda olmaqla Suriya və İraq böhranı, qaçqın problemi, eyni zamanda 15 iyulda xain çevriliş cəhdini qeyd edəcəyəm. Sonuncu bizim bir demokratiya mücadiləmizdir”.
Türkiyə prezidenti qeyd edib ki, BMT-nin toplantısı Türkiyə üçün həssas bir məqamda keçirilir: “Türkiyə bir tərəfdən 15 iyul yaralarını sarıyır, digər tərəfədən Firat Qalxanı adı ilə mübarizəsini aparır. İŞİD, PKK kimi cinayətkar şəbəkələrə qarşı qətiyyətli mübarizə aparırıq. PYD və YPG kimi məsələlər var və bunları söyləmədən keçinmək mümkün deyil”.
Rəcəb Təyyub Ərdoğan əlavə edib ki, sentyabrın 20-də liderlərin zirvə görüşü olacaq: “Hörmətli Obama tərəfindən təşkil ediləcək zirvədə qaçqın böhranı müzakirə olunacaq. Firat Qalxanı hərəkatının qaçqın böhranını azaltmağa verdiyi töhvəni liderlərlə paylaşacağam. Təhlükəsiz bölgə, terrordan təmizlənən bölgə tələbini bir daha dilə gətirəcəyəm. Hesab edirəm ki, 5 min kilometrlik bir sahəni etibarlı bölgə nöqtəsində qiymətləndirə bilərik. Suriya problemi yalnız suriyalıların və ya ona qonşu ölkələrin məsələsi deyil. Artıq bu beynəlxalq problem halına gəlmiş məsələdir”.
Prezident Ərdoğanı ABŞ səfərində nazirlərdən Veysi Qaynaq, Bəkir Bozdağ, Fatma Betul Sayan, Mövlud Çavuşoğlu, Nihad Zeybekçi və Berat Albayrak, eləcədə bir neçə millət vəkili müşayiət edir.
NEMƏT