Sentyabrın 28-də Qəzvinə səfər edən İran prezidenti Həsən Ruhani əhali qarşısında çıxış edərək hökumətinin daxili və xarici siyasətinə qarşı çıxan müxaliflərini tənqid edib.
İranla Qərb arasında əldə edilən nüvə sazişini böyük uğur sayan Ruhani deyib ki, ölkədə bəzi şəxslər və cərəyanlar xalqın əvvəlki problemlərdən qurtarıb rahatlığa çatmasından narahatdır: “Nüvə məsələsində bir qrup şəxs bizi sadəlövhlükdə günahlandırıb, nüvə məsələsinə son qoyula biləcəyinə şübhə ilə yanaşırdılar. Lakin indi bu problem öz həllini tapandan sonra millətə və nüvə danışıqlarına qatılanlara öz təşəkkürünü bildirmək əvəzinə, yenə də müxtəlif bəhanələrlə bu sazişə qarşı çıxır, müxalif olduqlarını bəyan edirlər.
Onlar belə bir fikri cəmiyyətə aşılamağa çalışırlar ki, guya islam respublikası bu sazişi qəbul etməklə verdiyi imtiyazların qarşısında elə də mühüm bir nailiyyət əldə etməyib. Halbuki siyasət aləminin prinsiplərindən biri budur ki, mövcud promlemləri həll etmək üçün bir-iki məsələdə siz güzəştə getməlisiz, bir-iki məsələdə də qarşı tərəf. Bu isə çox təbiidir”.
Ruhani ölkədə çirkli pulların yuyulmasının qarşısını almaq məqsədilə beynəlxalq “FATV” (çirkli pulların yuyulmasına qarşı özəl maliyyə tədbiri qrupu) təşkilatına üzv olmasına qarşı çıxan daxili müxaliflərə də toxunub: “Biz ölkədə çirkli pulların yuyulması hallarının baş verməsini istəmirik. Elə buna görə də bu beynəlxalq quruma üzv olmaq üçün müəyyən addımlar atmağa başlamışıq. Lakin yenə bəzi cərəyanlar bizim bu sahədə atdığımız addımı müxtəlif bəhanələrlə pisləyir, ona qarşı bəyanatlar səsləndirirlər”.