5 Oktyabr 2016 20:17
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mosulun azad edilməsi üçün başlayacağı əməliyyatlarla bağlı yeni faktlar məlum olub.

Teleqraf.com xəbər verir ki, “Habertürk” qəzeti Türkiyənin “Mosul planı”nı açıqlayıb. Məlumatlara görə, ABŞ və Rusiyanın münasibətlərinin gərginləşməsi və Suriya ilə bağlı əməkdaşlığı dayandırması Rakka şəhərinin azad edilməsi üçün hazırlanan əməliyyatların yarımçıq qalmasına səbəb olub.

Həm Mosul əməliyyatlarında iştirak etmək, həm də Suriyada Əl Bab vilayətinə doğru irəliləmək istəyən Ankara yeni hadisələr qarşısında necə hərəkət edəcək? Türkiyənin Müdafiə Naziri Fikri Işıkın da parlamentdəki çıxışı bu iki mövzu ilə bağlı oldu. Detalları açıqlamasa da, Işık bəzi məsələlərə diqqət çəkdi: “Mosul əməliyyatları mütləq olacaq. Suriyada Əl Baba qədər irəliləyəcəyik. Ancaq öz üsulumuzla gedəcəyik”.

Bağdad maneəsi

Nəşrin yazarı Muarrem Sarıkaya məsələ ilə bağlı Ankaranın yüksək rütbəli şəxsləri ilə görüşüb və bəzi detalları aydınlaşdırıb. O bildirib ki, əməliyyatlar oktyabrın 20-dək başlayacaq: “Türkiyə uzun müddətdir ki İraqın Başika hərbi düşərgəsində 2 min peşmərgə və 3 min sünni ərəblərə (Haşdi Vatani qruplaşması) təlim keçib.

Haşdi Vataninin rəqibi şiə Haşdi Şabi qruplaşması Türkiyənin Mosul əməliyyatlarına qarşı çıxır və bildirir ki, əgər türklər hücum etsələr, türkmənlər Telaferdə nəzarəti ələ alacaqlar.

Türkiyənin bu bölgədəki əməliyyatları üçün BMT-nin şərtinə uyğun olaraq, Bağdadın və ya formalaşan qruplaşmalardan birinin çağırışı çox vacibdir. Ancaq Bağdad hakimiyyəti türk ordusunu ölkəsində görmək istəmədiyini bildirdi və dünən parlamentdə verdiyi qərarla Başika hərbi düşərgəsini bağlı elan etdi”.

Bərzaninin dəvəti

Sarıkaya bu vəziyyətdə Türkiyənin ata biləcəyi addımları da dəyərləndirib: “Ankara hökuməti bu durumda İraq Kürd Muxtariyyətinin çağırışı ilə İraqa daxil olacaq və əməliyyatlara başlayacaq. Məsud Bərzani Türkiyədən başqa alternativ tapmadığı üçün müraciətində məhz bu ölkənin Mosul əməliyyatlarında iştirakına razılıq verəcək.

Suriyadakı YPG qüvvələrinin İraqdakı qolu sayılan Şenqal Müqavimət Hərəkatı (YBŞ) Mosul əməliyyatlarında Ankaranın iştirakına qarşı çxıır. Bu qüvvələrin PKK-ya yaxın olduğu bildirilib.

ABŞ və Bağdad isə Mosul əməliyyatlarını YBŞ ilə birlikdə həyata keçirməyi planlaşdırır, eyni zamanda peşmərgə qüvvələrinin Mosula girməsinə qarşı çıxırlar.

Daha dəqiq desək, Ankara Mosul əməliyyatında iştirak etməyə qərarlıdır və sadəcə Ərbil rəhbərliyinin çağırışını gözləyir”.

Samir


Müəllif: