10 Oktyabr 2016 16:41
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İstanbulda 23-cü Dünya Enerji Konfransı keçirilir. Sammitdә Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Azәrbaycan prezidenti İlham Әliyev vә Venesuela dövlәt başçısı Nikolas Maduro iştirak edir. Konfransa hәmçinin enerji bazarının yüksәk sәviyyәli rәhbәrlәri dә qatılıblar. Dörd gün davam edәcәk sammitdә təxminən 82 ölkәdәn 265 məruzəçi iştirak edir.

Bəs bu konfransın önəmi nədən ibarətdir? Konfrans dünya enerji bazarında hansı yeni dəyişikliklərə gətirib çıxaracaq. Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, bu forumda dünyanın enerji ilə bağlı problemləri qabardılır. Onun sözlərinə görə, bu konfransda enerjinin bütün seqmentlərinə dair müzakirələr aparıldığı üçün enerji konfransı adlanır:

“Yəni, neft, qaz, elektrik enerjisi, alternativ energetika, atom energetikası sahələri konfransda müzakirə olunur. Fikir versəniz, orda atom enerjisi, alternativ energetika sahələrindən tutmuş elektrik enerjisinədək bütün sahələrin rəhbərləri, nazirlər, ən böyük şirkətlər, top-menecerlər və enerji ilə bağlı olan ölkələr, onların dövlət və hökumət başçıları iştirak edirlər. Konfransda dünyanın hazırda enerji ilə bağlı problemləri və qarşıdakı proqnozlar, yaxın, orta perspektivdə bu sahənin durumu araşdırılır. Bu baxımdan Dünya Enerji Konqresi önəmli bir platformadır”.

İ.Şaban qeyd edib ki, konfransın önəmini artıran bir məqam da onun işinə OPEK üzvü olan bir neçə ölkənin enerji nazirinin qatılmasıdır: “Həm OPEK, həm də OPEK-ə daxil olmayan ölkələr oktyabrın 12-də konfrans çərçivəsində görüş keçirəcəklər. Ona görə də dünyanın diqqəti Əlcəzair görüşündən sonra yenidən bu toplantıya yönəlib. Görüş zamanı dünya üçün önəmli olan OPEK-lə qeyri-OPEK ölkələri arasında körpünün yaradılması məsələsi ortaya qoyulur. Çünki Rusiyanın energetika naziri qeyd edib ki, biz OPEK ölkələrindən qeyri-OPEK ölkələrinə çağırış gözləyirik. Ona görə də bu çox önəmli məsələdir”.

Ekspert bildirib ki, bu konfrans çərçivəsində önəmli məsələlərdən biri də sazişlərin imzalanmasıdır. O cümlədən hazırda bütün dünyanın gözü Vladimir Putinin çıxışına zillənib. Onun sözlərinə görə, Putinin çıxışından sonra Rusiya ilə Türkiyə arasında bir neçə sazişin imzalanması gözlənilir: “Bunlardan da ən önəmlisi “Türk axını” layihəsi üzrə hökumətlərarası saziş olmalıdır. Yəni, önəmli olanı budur”.

Konfransın Azərbaycan üçün əhəmiyyətinə gəldikdə isə İ.Şaban bildirib ki, tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət edilib: “Azərbaycan Prezidentindən əlavə energetika naziri Natiq Əliyev də o tədbirə dəvət alıb. Çox güman ki, panel müzakirələrin birində çıxışları da olacaq. Artıq Energetika Nazirliyinin ictimaiyyət üçün açıqladığı məlumatda bildirilir ki, ayın 12-də Azərbaycan, Türkiyə və Balkan ölkələrinin iştirakı ilə Dünya Enerji Konqresi çərçivəsində Cənub Qaz Dəhlizi ilə bağlı xüsusi bir görüş keçiriləcək. Azərbaycan qazının Avropaya ixracı məsələləri və boru kəmərləri infrastrukturunun vəziyyəti orda müzakirə obyekti olacaq. Bu da çox önəmli bir məsələdir və qeyd edim ki, Azərbaycan Prezidentinin də orda iştirak etməsi, ikitərəfli danışıqlar aparması, ümumiyyətlə Azərbaycanın bu tədbirə qatılması bir enerji ölkəsi kimi bizim özümüzün dünya enerji aləminə verəcəyimiz töhfəmizin bir göstəricisidir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər