Mosul şəhərinin İŞİD adlı terrorçu şəbəkədən geri alınması məqsədilə böyük hücum əməliyyatına başlanıb.
Teleqraf.com xəbər verir ki, əməliyyat haqqında ilk bəyanatı İraqın baş naziri Haider Abadi səsləndirib. Mosulun geri alınması əməliyyatında kürd peşmərgələr, İraqın hökumət qoşunları və ABŞ-ın İŞİD-ə qarşı koalisiyası iştirak edir.
İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ildən İŞİD-in nəzarəti altındadır. BMT bildirib ki, hücum əməliyyatı 1, 2 milyonluq əhali üçün humanitar fəlakətlə nəticələnə bilər. Bu arada o da deyilir ki, Mosul İŞİD-in İraqdakı son istehkamıdır. Təhlilçilər bildirir ki, İslam Dövləti adlı təşkilatın bu döyüşdə məğlub edilməsi onun İraqdakı varlığına birdəfəlik son qoyacaq.
Mosul həm də türkmən-türk şəhəridir. Türkiyə Mosula hər hansı bir kənar qüvvələrin daxil olmasına ciddi etiraz ifadə edir. Mosulun geri alınmasından sonra kürdlərin ixtiyarına veriləcəyi təhlükəsi isə real görünür.
İraq baş naziri Abadi bəyan edib ki, sünnilərin yaşadığı Mosul şəhərinə yalnız sünni hökumət əsgərləri daxil olacaqlar.
Xatırladaq ki, Mosul üzərinə hücum əməliyyatında 25 min əsgər iştirak edir.
Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev Teleqraf.com-a deyib ki, Mosula hücum ciddi məsələdir: “Əlbəttə, BMT-nin çağırışı var, başqa ölkələrin narazılığı və ya narahatlığı mövcuddur. Amma bunların hamısını bir kənara qoyun. Söhbət bəlkə də bəşər tarixində ən qəddar terror şəbəkəsi olan İŞİD-in nəzarətində olan böyük ərazidən gedir. İŞİD-in bu ərazidən çıxarılması və ya məhv edilməsi bu qanlı şəbəkənin kökünün kəsilməsi üçün böyük addım olar. Məhz buna görə də ABŞ bu əməliyyata böyük əhəmiyyət verir. İkincisi, İraqın suverenliyi və ərazi bütövlüyü məsələsi gündəmdədir. Həm İraq mərkəzi hökuməti, həm də ABŞ qüvvələri bu prosesə başqa güclərin müdaxilə etməsinə qarşıdır. Çünki yeni İraqı ABŞ qurub və burada söz sahibi olmaqda davam etmək istəyir. Odur ki, bu işi İbadi hökuməti və ABŞ-ın dəstəklədiyi kürd peşmərgələri həyata keçirir. İstəyirlər ki, Mosulun azad edilməsindən sonra söz sahibi bu qüvvələrin özü olsun, nəinki kənar qüvvələr. Bu baxımdan indiki hücum ssenarisi və bu prosesdə iştirak edən tərəflər gördüyünüz şəkildə müəyyən olunub”.
Elxan Mehdiyev qeyd edib ki, Mosulda yaşayan türkmənləri kimsə şəhərdən qova bilməz: “Mosulun taleyi ilə bağlı narahatçılıqlar ifadə edilib. Ancaq hücum əməliyyatının məhz İraq baş naziri İbadi ilə aparılması o deməkdir ki, Mosulun taleyi İraq mərkəzi hökumətinə bağlı olacaq. Təbii ki, burada kürd qüvvələrinin nüfuzu da var. Müharibədən sonra yaranacaq vəziyyəti indidən söyləmək də çətindir. Kürd qüvvvələrinin Mosula iddiası var. Amma istənilən halda ABŞ və Fransa qüvvələrinin Mosul əməliyyatını İraq baş nazirinin bəyanatı ilə başlaması Mosulun gələcəkdə Bağdad hakimiyyətinə bağlı olacağına işarədir”.
Politoloq qeyd edib ki, Türkiyənin bu məsələdə edə biləcəyi şeylər çox məhduddur. Onun sözlərinə görə, Türkiyənin müdaxiləsi mümkün görünə bilməz: “Faktiki İraq hökuməti Türkiyədən hərbçilərinin bu bölgədən çıxarılmasını tələb edir. İkincisi, ABŞ və əksər ölkələr bu məsələdə Türkiyənin əleyhinədir. Onların gətirdiyi ciddi arqumentlər var. Üstəlik prezident Ərdoğanın yaratdığı mühit onun bu ərzilərdə aktiv rol almasına imkan vermir. Çünki Qərb dövlətləri bunu qəbul etmir və arzulamır. Düşünmürəm ki, Türkiyənin Mosula müdaxilə etmək üçün hazırlığı olsun. İndiki halda Türkiyə daha çox Suriyadakı vəziyyətdən narahatdır. İraqla bağlı ciddi narahatçılıq yoxdur. Çünki Şimali İraq Kürd Muxtariyyəti ilə Ankaranın yaxın və yaxşı əlaqələri mövcuddur”.
NEMƏT