17 Oktyabr 2016 17:35
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə ABŞ dövlət katibi Con Kerri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq oluna biləcəyini bəyan edib. C.Kerri bildirib ki, yaxın bir neçə gün ərzində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edilə bilər. C.Kerri Londonda keçirdiyi mətbuat konfransında deyib: “Biz əlavə sanksiyaların tətbiqini müzakirə edirik, prezident Obama da müxtəlif variantları nəzərdən keçirir. Düşünürəm ki, yaxın bir neçə gün ərzində məsələyə aydınlıq gətiriləcək”.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bildirib ki, ABŞ və Böyük Britaniya Hələbdəki vəziyyətə görə Suriya və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər.

Almaniyanın federal kansleri Angela Merkel də Suriyadakı vəziyyətlə əlaqədar Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi təklif etmək niyyətindədir. Bu barədə Almaniyanın nüfuzlu “Frankfurter Allgemeine Sonntagszeitung” nəşri məlumat yayıb.

Məlumata görə, Merkel bu mövzunu oktyabrın 20-21-də keçirilməsi planlaşdırılan Aİ sammitində qaldırmaq niyyətindədir. Nəşr qeyd edir ki, Merkelin təklif edəcəyi sanksiyalar təyyarə istehsalı və müdafiə sənayesi sahələrini əhatə edəcək.

Qəzetin məlumatına görə, ABŞ prezidenti Barak Obama Aİ-nin təşəbbüsə müsbət reaksiya verəcəyi təqdirdə Merkeli dəstəkləyəcəyini vəd edib.

Politoloq Qabil Hüseynli Rusiyaya qarşı tətbiq olunacaq sanksiyaların hansı sahələri əhatə edəcəyi və bunun nə kimi təsirlərinin olacağına dair Teleqraf.com-un sualına cavab olaraq bildirib ki, Rusiyada hələ də Qərb şirkətləri qalır. Onun sözlərinə görə, bu şirkətlərin çoxu yüksək elm və texnoloji tutumlu şirkətlərdir: “Bu şirkətlər Rusiyada neft emalı, kimya və maşınqayırma sənayesi ilə məşğuldur. Əgər qabaqcıl elm və texnologiyanın nümunəsi sayılan həmin şirkətlər ölkədən çıxıb getsələr Rusiyanın bu sənaye sahələri ciddi tənəzzülə uğraya bilər. Üstəlik, əvvəllər tətbiq edilən sanksiyalar Rusiyada iqtisadi artımı demək olar ki, tamamilə dayandırıb və hətta reqress, yəni əvvəlki illərə nisbətən iqtisadi göstəricilərin pisləşməsi məsələsi daha çox özünü büruzə verir. Düzdür, Rusiya son zamanlar neftin qiymətlərinin bir az qalxması hesabına müəyyən qədər ayaqda dura bilir, amma təkcə neft və qazla ölkənin büdcəsini doldurmaq olmaz. Lap bu günlərdə maliyyə naziri Anton Siluanov elan etdi ki, ölkənin ehtiyat fondu tükənmək üzrədir, bu ilin sonlarınadək tükənəcək. Ona sual verdikdə nazir bildirdi ki, ölkə bundan sonra maddi rifah fondu deyilən fonddan istifadə edəcək. O da uzağı iki ilə bitə bilər. Beləliklə, göründüyü kimi, Rusiya həm maliyyə böhranı qarşısındadır, həm də ciddi iqtisadi böhran keçirir, ölkənin milli gəliri hər il bir az da azalır. Bunun fonunda hərbi xərclər bir az da artırılır. Bunu nəzərdə tutaraq Qərb Rusiyanı iqtisadi və maliyyə cəhətdən taqətdən salmaq strategiyası hazırlayıb”.

Q.Hüseynli qeyd edib ki, həmin strategiya həyata keçirilsə, Rusiyanın sosial proqramlarının bir çoxu təxirə düşə, təxirə düşmüş sosial proqramlar isə əhalini daha çox kəmər sıxmağa məcbur edə bilər:

“Bütün bunlar Putinin reytinqinə hələlik cüzi təsir edir. Putinin yeni prezident seçkisində iştirak edəcəyi və qalib gələcəyi də istisna deyil. Odur ki, Rusiya əhalisi indiki hakimiyyətin idarəçiliyi altında yaşamaq məcburiyyətində qalacaq. Amma Qərb Rusiyanı yoldan döndərə bilməsə və o, yenə də özünü fövqəldövlət kimi aparmağa davam etsə, o zaman Qərbin daha radikal planları işə düşə bilər. Bu radikal planlar içərisində hətta Rusiyanın bölünməsi məsələsi də var”.

Krımın ilhaqından sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Rusiyaya ciddi təsir etdiyini vurğulayan Q.Hüseynli deyib: “Tutaq ki, sanksiyalar dərin yataqlardan neftin hasilatı ilə bağlıdır. Bu texnologiya Rusiyada yoxdur. Həmin texnologiyanı Rusiyaya Qərb göndərib. Əgər bu texnologiyalar ölkədən çıxarılsa, Rusiya dərin laylardan neftin çıxarılmasını məhdudlaşdırmalı olacaq. Həmçinin, neft qaz kondensantı ilə bərabər çıxır. Çıxarılan qaz – səmt qazı ya yandırılır, ya da onun tutulmasına dair Qərbin texnologiyası var, hansı ki, Azərbaycanda da bu texnologiya tətbiq edilir. Həmin texnologiya Qərb tərəfindən Rusiyaya verilməsə, yaxud Rusiyada çalışan şirkətlər bununla məşğul olmasa, Rusiyanın qaz istehsalı da azala bilər. Bundan əlavə ayrı-ayrı konkret şəxslərə, hətta Rusiya prezidentinin özünə də müəyyən sanksiyalar tətbiq edilə bilər ki, bu sanksiyalar nəticəsində həmin şəxslərin həm Avropa ölkələrində, həm də başqa ölkələrdə bank sistemləri üzərində nəzarət qoyula, yaxud onlar dondurula bilər. Eyni zamanda onların Avropa ölkələrinə və digər Qərb ölkələrinə səfərlərinə də qadağa qoyula bilər. Ən qorxulusu isə Rusiyanın ümumdünya banklararası maliyyə kanalı – SWIFT sistemindən çıxarılmasıdır. Belə olarsa bu, çox radikal tədbir olar və Rusiya ümumdünya bank sistemindən təcrid olunar. Beləliklə, pul transferləri, pul baratlarının göndərilməsi, bəzi iqtisadi proqramların maliyyələşdirilməsi dayandırıla bilər. Bu da fələkətli istisadi nəticələr doğurar. Amma bu, ən radikal metoddur”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər