Türkiyənin İraqın Mosul şəhəri yaxınlığındakı Başika düşərgəsindəki hərbi birləşmələri kürd peşmərgələrə artilleriya dəstəyi verir.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Şimali İraq Kürdüstan Muxtariyyətinə bağlı peşmərgə qüvvələri Başika qəsəbəsinin azad edilməsi üçün əməliyyata başlayıb.
Peşmərgə qüvvələrinin komandanlığının xahişi ilə Türkiyə hərbi birləşmələri düşərgənin yaxınlığında yerləşən Başika qəsəbəsindəki İŞİD terrorçularının mövqelərinə artilleriya zərbələri endirir.
Qeyd edək ki, Başika düşərgəsi ilə bağlı Türkiyə və İraq arasında mübahisə yaşanmaqdadır. İraq Türkiyənin Başika düşərgəsindən hərbçilərini çıxarmasını tələb edib, bununla bağlı BMT-yə də şikayət edib. Türkiyə isə İŞİD-ə qarşı peşmərgələrə və Mosuldan olan könüllülərə təlim keçən hərbçilərini Başikadan çıxarmayacağını bəyan edib. Eyni zamanda Ankara Türkiyənin Mosul əməliyyatında iştirak edəcəyini və danışıqlar masasında yer alacağını bildirib.