Son günlər dünya mediası ABŞ-da prezident seçkiləri ərəfəsində Rusiya tərəfindən bu ölkənin saytlarına kiber hücumlar barədə yazır. Vaşinqton rəhbərliyi də bu iddianı təsdiqləyib. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiyanı seçkilərin nəticələrinə təsir etmək məqsədilə kiber hücumlardan istifadə etməkdə ittiham edib. Məlumata görə, ABŞ Kremlin kiber hücumlara qarşı geniş müdafiə tədbirləri həyata keçirib. ABŞ vitse-prezidenti Co Bayden ölkəsinin Rusiyanın kiber hücumlarını cavabsız qoymayacağını bəyan edib. Onun sözlərinə görə, Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur: “Biz istənilən kiber hücumlara müvafiq cavab verməyə qadirik. Onlar bunu gözəl bilirlər. İstədiyimiz vaxt lazımi üsulla bunu həyata keçirəcəyik”.
Rusiya prezidenti Vladimir Putin belə iddiaları qəbul etmədiyini qeyd edib. Co Baydenin bəyanatına toxunan V. Putin deyib ki, ABŞ tərəfindən haker hücumu təhdidi beynəlxalq davranış normalarına uyğun deyil: “ABŞ tərəfindən haker hücumu təhdidi ilə bağlı yeganə yenilik odur ki, ilk dəfə ABŞ-da yüksək səviyyədə bununla məşğul olduqlarını etiraf edirlər. Görünür, əsəbiləşirlər. Vaşinqtonun Rusiyadan düşmən obrazı yaratması ABŞ hakimiyyətinin cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir”.
Qeyd edək ki, 3 gün bundan öncə ABŞ-ın populyar saytlarına haker hücumu olub. Başda Twitter olmaqla Spotify, SoundCloud, Amazon, Netflix kimi populyar internet resursları, o cümlədən tanınmış KİV-lərin saytları, CNN və “The New York Times” kimi media orqanlarının saytları güclü DDoS-hücuma məruz qalıb.
Ardınca amerikalı haker The Jester (“Şut”) Rusiya XİN-in saytını dağıdıb. Amerikalı haker jurnalistlərə müsahibəsində bildirib ki, bu addımı cümə günü rusiyalı hakerlərin geniş kiber hücumuna cavab olaraq atıb.
Bəs, Rusiya noyabrın 8-də seçkinin nəticəsinə təsir edəcək kiber hücumlar təşkil edə bilərmi?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğolu Teleqraf.com-a açıqlamasında ABŞ prezidentliyinə namizədlərdın hər ikisinin – Donald Tramp və Hillari Klintonun "Rusiya xofu"ndan yararlandıqlarını bildirib: “Hillari Klinton Trampı Vladimir Putinin əlaltısı olmaqda günahlandırır. Digər tərəfdən iddialar var ki, guya Klintonun ciddi yazışmalarını məhz Rusiyaya bağlı hakerlər açıb. Hər iki tərəf Rusiya amilindən bir-birinə qarşı istifadə edir. Ehtimal var ki, Rusiyada müəyyən dairələr ABŞ-dakı seçki prosesinə müdaxilələr etsin. Hiss olunur ki, həmin dairələr Klintonun deyil, Trampın qələbə çalmasını istəyirlər. Amma Trampın şansı getdikcə azalır, çünki rəy sorğuları göstərir ki, Hillari Klinton daha üstün vəziyyətdədir”.
Politoloqun fikrincə, doğrudan da Rusiyada müəyyən dairələr kiber hücumla ABŞ-dakı seçki prosesini pozmağa çalışır: “Mümkündür ki, seçki günündə bu proses bir az da davam etsin. İndi internet əsridir, istənilən ölkədəki proseslərə internet vasitəsilə müdaxilə etmək olar. Vaxtilə belə bir imkan yox idi, olsaydı Sovetlər İttifaqı o zaman Amerikaya qarşı istifadə edərdi. Ancaq indi müasir dövrdə yaşayırıq, internet imkanları genişdir, necə ki, Hillari Klintonun gizli yazışmaları hakerlər tərəfindən üzə çıxır, eləcə də seçki günü kiber hücumların olmayacağını qəti surətdə demək çətindir.
E.Şahinoğlu bu hücumların seçkinin nəticəsinə təsir edəcəyinə düşünmür: “Seçkinin nəticəsi hesablanıb ictimaiyyətə açıqlanacaq. Kiber hücumlar nəticəsində hansısa məntəqədə işin pozulacağı ehtimalı çox aşağı səviyyədədir. Hər halda Amerika superdövlətdir və bu kiber hücumların qarşısını almaq üçün müvafiq tədbirlər görəcək. Bütün internet şəbəkələrinin ixtiraları Amerikada həyata keçib. Bir çox layihələr Amerikada ixtira olunduğu üçün hücumlardan qorunmağın yolunu yaxşı bilirlər. Birləşmiş Ştatlar nə qədər kiber hücumlara məruz qalsa da, seçki günü məntəqələrdə hesablamalar kifayət qədər ciddi şəkildə qorunacaq. Amma hücum olsa belə, hücumun mənbəyini dəqiq biləcəklər. Ona görə də inanmıram ki, Rusiyada hansısa qüvvələr seçki məntəqələrinə hücum etməyə risk etsinlər”.
ABŞ vitse-prezidentinin bəyanatına gəlincə, Elxan Şahinoğoğlu hesab edir ki, Co Baydenin açıqlaması əks-hücum həmləsi xarakteri daşıyırdı: “Baydenin bəyanatı ona xidmət edir ki, Rusiya özünü bir az yığışdırsın, Amerikanın daxili proseslərinə qarışmasın. Bu, Rusiyada da bir qədər qorxu yaratdı ki, ABŞ artıq bizimlə müharibə etmək istəyir. Rusiyanın son addımlarından təkcə Amerika narazı deyil, iki gün öncə Avropa Birliyi liderlərinin də sammiti oldu, orada da qeyd edildi ki, Avropada da Rusiyaya bağlı kiber hücumlar həyata keçirilir. Rusiya Ukraynaya görə ABŞ və Avropa Birliyi ölkələri tərəfindən sanksiyalarla üz-üzə qaldığı üçün həmin qütbə qarşı bu cür mübarizə üsullarından istifadə edir. Suriyaya görə iki dövlət toqquşma səviyyəsinə gəlib çıxdı. İnanmıram ki, hakimiyyəti ilə xudahafizləşmək ərəfəsində olan Obama Rusiya ilə ciddi toqquşmaya getsin”.
Nərgiz Ehlamqızı