Bakıda BMT və BMT İşçisi günləri ilə əlaqədar rəsmi ziyafət təşkil edilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai BMT-nin Azərbaycandakı Ofisinin yaranma tarixi və fəaliyyəti barədə geniş məlumat verib.
Q.İsaqzai qeyd edib ki, təşkilat Azərbaycanda həyata keçirilən layihələrə dəstək verir.
Q.İsaqzai çıxışında, həmçinin Parisdə İqlim sazişinin imzalanmasından danışıb və onun əhəmiyyətini vurğulayıb. Rezident-əlaqələndiricisi bildirib ki, bu saziş noyabrın 4-də qüvvəyə minəcək və əlavə edib ki, onda olan məlumata əsasən, bu yaxınlarda Azərbaycan parlamenti də bu sazişi ratifikasiya etməlidir.
Q.İsaqzai eyni zamanda BMT-nin vacib bir mərhələyə qədəm qoyduğunu, Antonio Quttereşin bu yaxınlarda qurumun sayca 9-cu baş katibi olacağını qeyd edib.
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Q.İsaqzaini BMT Günü münasibətilə təbrik edib, quruma gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, rəhbərlik etdiyi qurumun BMT-yə daim dəstək verməyə hazır olduğunu deyib.
Tədbir Masallı rayonundan olan folklor rəqs və mahnı qruplarının çıxışları ilə davam etdirilib.