29 Oktyabr 2016 14:12
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) xarici siyasət komissarı Federika Moqerini oktyabrın 29-da Tehranda İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə Suriya problemi ilə yanaşı, İran-Aİ münasibətləri də müzakirə mövzusu olub.

İran-Aİ münasibətlərində ziddiyyətli məqam İranda insan hüquqlarının vəziyyəti ilə bağlıdır. İran insan hüquqlarının vəziyyətini Aİ nümayəndələri ilə müzakirə etməyə hazır olduğunu bildirsə də, təşkilatın İranda insan hüquqları ilə bağlı yaydığı hesabata kəskin reaksiya verərək onu qərəzli adlandırıb və qurumun Tehranda ofisinin açılmasının əleyhinə çıxıb.

İranın Məhkəmə Hakimiyyətinin İnsan Hüquqları üzrə Ali Şurasının katibi Məhəmməd Cavad Laricani bəyan edib ki, İran Aİ-yə insan hüquqları ilə bağlı Tehranda ofis açmağa icazə verməyəcək:

“Bu ofis korrupsiya evinə çevriləcək və İranın məhkəmə hakimiyyəti buna göz yuma bilməz. Aİ-nin İrana nəyisə diktə etmək hüququ yoxdur”.

Ötən həftə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhrəm Qasimi bəyan etmişdi ki, İran Aİ-nin bütün sahələr üzrə əməkdaşlıq etmək niyyətini alqışlayır. Lakin Aİ-nin yuxarıda qeyd etdiyimiz hesabatından sonra tərəflər arasında qarşılıqlı ittihamlar müşahidə edilir.

Federiko Moqerininin Prezident Həsən Ruhani ilə də görüşü nəzərdə tutulub.

Aİ-nin nümayəndəsi Tehran görüşlərindən sonra Suriya məsələsini müzakirə etmək üçün Ər-Riyada yola düşəcək.


Müəllif:

Oxşar xəbərlər