Hələb...
Şərq insanının əsrlər boyu Məşriq adlandırdığı, milyonlarla kvadrat kilometr uzanan nəhəng coğrafi regionun, Aralıq dənizinin bütün şərq sahili ölkələrinin, Osmanlı imperiyasının İstanbul və Qahirədən sonra üçüncü, hazırda viran edilən Suriya Ərəb Respublikasının ən böyük, qədim, əsrarəngiz, mistik, müxtəlif sivilizasiyaların çulğalaşdığı şəhərlərindən biri…
Bağdad, Bəsrə, Şam (Dəməşq), Qahirə və İsgəndəriyyə kimi ilk tanışlığımızın uşaqlıqda oxuduğumuz sirli-sehrli “Min bir gecə” nağıllarından başladığı şəhər…
“Həqq mənəm, həqq məndədir, daim ənəlhəqq” söylərəm deyib əqidəsi uğrunda qurban gedən dahi Nəsiminin uyuduğu doğma torpaq...
Hələbi görənlər deyirlər ki, şəhərin “Köhnə şəhər” adlanan hissəsi bizim İçərişəhərin oxşarıdır. Eyni dar küçələr, daş döşənmiş yollar, karvansaraylar, qala bürcləri və qala ilə əhatə olunması Bakı ilə Hələbin tarixi hissəsinin oxşar cizgiləridir…
Hələbdəki bir sıra abidələr, o cümlədən tarixi qəbiristanlıq və “Köhnə şəhər” hisəəsi 1986-cı ildən YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alıb. Həmin qəbiristanlıq son bombardımanlar zamanı ciddi ziyan görüb.
Uzun illər Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA, yaxud rusca TASS) Yaxın Şərqdə xüsusi müxbiri işləmiş politoloq Rasim Ağayev Hələbi belə xatırlayır: “1973-cü ildə mən Moskvaya təcrübə keçməyə getdim. 1974-cü ildə – 34 yaşım olanda artıq Suriyada idim. Bu mənim xaricə ilk ezamiyyətim idi. Dəməşqdə qalıb işlədim. Arada Hələbə də gedirdim. Gül kimi şəhər idi. Axşamlar gəzəndə Hələbin ətrafları mənə köhnə Bakını xatırladırdı. Bir də görürdün, məhəllə sakinləri arabada bir qalaq qarpız gətirdilər. Adamlar toplaşırdı, ədəb-ərkanla otururdular, kəsib yeyirdilər. İndi Dəməşqi də, Hələbi də darmadağın eləyirlər…”
Bəli, bu gün Hələb darmadağın olunur. Şəhər faktiki olaraq 5 yerə parçalanıb. Bir hissəsinə prezident Bəşər Əsədə sadiq qüvvələr, bir hissəsinə kürd yaraqlıları, bir hissəsinə İŞİD, bir hissəsinə antihökumət koalisiyası (Azad Suriya Ordusu) nəzarət edir. Bir hissəsi isə döyüşən tərəflər arasında mübahisəli ərazi hesab olunur.
Hələb bu gün haqlı olaraq Stalinqradla müqayisə olunur. Hətta, Rusiya KİV-ləri Hələblə Stalinqradın (Volqoqrad) qardaş şəhərlər ola biləcəyini əminliklə söyləyirlər. Suriya, o cümlədən Hələb bu gün Rusiya və Qərbin cıdır meydanına çevrilib. Böyük dövlətlər 5,6 il əvvələdək abad, sabit, inkişaf edən ölkə olan Suriyanı xarabazara çevirmək uğrunda sanki yarışa giriblər.
Digər tərəfdən məhz Stalinqrad (indiki Volqoqrad) uğrunda döyüş İkinci Dünya müharibəsində əsaslı dönüşün başlanğıcı oldu. Sovet İttifaqı məhz Stalinqrad döyüşünü udmaqla faşistlərin hücumunu dayandırdı və əks-hücuma başladı. İndi də hərbi ekspertlər hesab edirlər ki, Hələbin taleyinin həll olunması ilə Suriyada 5 ildən artıqdır davam edən vətəndaş müharibəsinin gedişində dönüş yarana bilər. Ona görə də qarşı duran tərəflər Hələbdə var gücü ilə savaşırlar. Bu savaş zamanı məhv edilən isə Hələb adlı gözəllik olur…
Teleqraf.com az öncəyədək abad, gözəl şəhər olan Hələblə dağılmış viran edilmiş Hələbin fotolarını təqdim edir. “Zaman maşını”nı geri çevirən tarixi fotolar sükut içində hər şeyi deyir...
Səxavət HƏMİD