İraq ordusu Mosul şəhərinin şərq hissəsinin 6 məhəlləsini İŞİD terrorçularından təmizləməyə müvəfəq olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İraq ordusunun əməliyyatlar üzrə komandanı general-leytenant Əbdüləmir Yaralla deyib.
Onun sözlərinə görə, Əl-Malyain, Əs-Samah, Əl-Hadra, Kurikukli, Əl-Qüds və Əl-Karama tamamilə İraq ordusunun nəzarətindədir.
Bu arada, terrorçular İraq ordusunun diqqətini yayındırmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Onlar ilk günlər digər şəhərlərdən Mosula çox sayda dinc sakin köçürüblər. Bununla İŞİD-çilər hava hücumlarından qorunmağa çalışırlar. Digər tərəfdən, terrorçular Mosula yaxın şəhərlərdə partlayışlar törədirlər. Sonuncu belə partlayış Şerqat şəhərində olub. Hadisə zamanı çox sayda yaşayış evi və məscid dağılıb.
Qeyd edək ki, Mosul əməliyyatları oktyabrın 17-dən başlayıb.
Samir