3 İyul 2014 12:18
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin paytaxtı Yerusəlim şəhərində qarşıdurma yaranıb.

Teleqraf.com-un xəbərinə görə, toqquşmalar yeniyetmə fələstinli oğlanın meyiti aşkarlandıqdan sonra başlayıb. Ölkə rəhbərliyi isə əhalini ictimai asayışı pozmamağa çağırır.

Münaqişənin öncə şəhərin şərqində başladığı, daha sonra isə bütün Yerusəlimə yayıldığı bildirilir.
Xatırladaq ki, fələstinli yeniyetmə, 17 yaşlı Məhəmməd Abu Hdayra naməlum şəxslər tərəfindən qaçırılıb. Bir neçə saatdan sonra isə oğlanın meyiti aşkarlanıb.

İsrailin baş naziri Benyamin Netanyahu hadisəni pisləyərək, “dəhşətli qətl” adlandırıb. Baş nazir Daxili İşlər Nazirliyinə müraciət edərək, cinayəti araşdırmağı və “tezliklə qətli törədən şəxsi məsuliyyətə cəlb etməyi ” tapşırıb.

“Eyni zamanda hər iki tərəfi hadisəyə adekvat yanaşmağa və ədaləti özbaşına bərqərar etməməyə çağırıram”, - deyə baş nazir xalqa müraciət etdi.

Yerusəlim meri Nir Barkat də həmçinin asayışı qorumağa çağırıb. “Bu dəhşətli qətldir. Mən bu addımı şiddətlə qınayıram”, - deyə Nir bildirib.

Fələstin hökuməti yeniyetmənin qətlində İsraili ittiham edir. Bəzi mənbələrdən alınan məlumata görə, Hdayranın qətli bir müddət öncə öldürülən israilli gənclərin qətlinə görə qisasdır. Hazırda yeniyetmənin dəfn mərasiminə hazırlıqlar aparılır.

Ülviyyə


Müəllif: