11 ərəb ölkəsinin nümayəndələri BMT Baş Assambleyasının iclasında birgə bəyanatla çıxış ediblər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlar İran İslam Respublikasını beynəlxalq terrorizmə dəstək verməkdə və bölgədəki böhran və çaxnaşmanı qızışdırmaqda günahlandırıb.
Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü ilə hazırlanan bəyanatı Bəhreyn, Misir, İordaniya, Küveyt, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Sudan və Yəmən nümayəndələri imzalayıb.
Bəyanatda bildirilib ki, İran beynəlxalq terrorizmə dəstək verməklə regiondakı ərəb ölkələrinin daxili işlərinə qarışır, terrorçu qruplaşmalara hərtərəfli yardım göstərir: “İran həm də Yəmənin qanuni hökumətinə qarşı vuruşan şiə husilərə, eləcə də Suriya savaşında Bəşər Əsədə dəstək verən Livan “Hizbullah”ına maddi və hərbi yardım çatdırır. İran xarici siyasətində dəyişiklik edərək, ərəb qonşularına qarşı düşmənçiliyindən və bölgənin sabitliyini pozmaqdan əl çəkməli, onlar ilə konstruktiv münasibətlər qurmağa çalışmalıdır. Bu bəyanat İranın BMT-dəki nümayəndəliyinin üzvü Abbas Yəzdaninin sentyabrın 26-da Baş Assambleyanın illik toplantısında yaydığı bəyanatına cavab olaraq hazırlanıb”.
Samir