Rusiya prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Donald Tramp arasında dünən gecə baş tutan telefon danışığı Avropa Birliyi liderləri arasında təşviş yaradıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Daily Express" nəşri məlumat yayıb: "Onlar bu danışığı Rusiya və Amerika arasında "yeni era"nın başlanğıcı kimi dəyərləndiriblər.
Trampın sözlərinə görə, iki rəqib superdövlətin konstruktiv əməkdaşlığa doğru irəliləməsini o şəxsən izləyəcək. Söhbət zamanı Tramp rusiyalı həmkarına beynəlxalq məsələlər üzrə daha sıx qarşılıqlı əməkdaşlıqla bağlı söz verib.
Səmimi və barışıq xarakteri daşıyan bu telefon zəngi onu sübut etdi ki, Rusiya kölgədən çıxıb və hazırda beynəlxalq aləmdə aparıcı yer tutur. Bu Brüsseli narahat etmiyə bilməzdi. Onlar qorxurlar ki, ABŞ-ın yeni administrasiyası Avropa siyasətini arxa plana keçirər. Avropa Birliyi liderləri başa düşürlər ki, Moskva və Vaşinqton arasında münasibətlərin möhkəmlənməsi anti-Rusiya xəttinin tərəfdarlarına yaxşı heç nə vəd etmir.
Bütün bu qorxular ABŞ-da seçkilərin nəticələrinin açıqlanmasından dərhal sonra yaranıb. Məsələn, Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib ki, Trampın prezident seçilməsi qlobal təhlükəsizliyə təhdiddir.
Qısası, Avropa Birliyi hər şeyin pisinə hazır olmalıdır: əgər Trampın prezidentlik səlahiyyətlərini yerinə yetirməyə başlamasından dərhal sonra ABŞ-ın krım siyasətində dəyişiklik olsa, Vaşinqtonla Brüssel arasındakı münasibətlərin ən çətin dövrü başlanacaq".
Samir