16 Noyabr 2016 15:35
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təbii ki, Mosulda vəziyyət mürəkkəbdir. Mən prosesləri izləyirəm. Orada faciə yaşanır. Türkiyə rəhbərliyi vəziyyəti çox uzatdı. Fikrimcə, 2001-ci ildə Türkiyə Şimali İraqa daxil olmalı idi. Amma daxil olmadı və vəziyyət bu həddə qədər gəlib çatdı. İndi təhlükəsizlik problemləri ortaya çıxdığı üçün Türkiyə məcbur olaraq Suriya və İraqda əməliyyatlar aparır. Türkiyə çox gecikib. Amma bu regionda güc həm də Türkiyədir. Odur ki, Türkiyə nəsə etməlidir. Hesab edirəm ki, Türkiyənin belə bir imkanı var”.

Teleqraf.com xəbər verir ki, bunu REAL İdarə Heyətinin sədri Erkin Qədirli deyib.

O bildirib ki, Yaxın Şərq region kimi dəyişmədiyi üçün ölkələrin Yaxın Şərqlə bağlı siyasəti də dəyişməz qalır: “Yaxın Şərqdə olan ölkələr heç vaxt özlərini idarə edə bilməyib. Yaxın Şərqdə barış və sülh tarixən hansısa imperiya daxilində olub. Məsələn, Xilafətin, Osmanlının və ya Əhmənilərin zamanında bu bölgədə sülh və sabitlik olub. Sonra bu imperiyalar çəkildikdə bölgədə daima müharibələr baş verib”.

E.Qədirli hesab edir ki, əgər ABŞ-ın yeni prezidenti Donald Tramp Suriyadan çıxsa, bu vəziyyəti bir qədər də kəskinləşdirəcək: “Yeni prezident Suriya ilə bağlı dediklərini həyata keçirmək istəsə, bu, müəyyən problemlər yaradacaq. Tramp Suriyadan çəkiləcəyini, Bəşər Əsədin müxalifətinə dəstək verməyəcəyini seçki kampaniyası zamanı demişdi. Belə baxanda bir tərəfdən anlaşılmır ki, Suriyada kim-kimə qarşı vuruşur. Çünki orada çeşidli qüvvələr var və bir-birinə qarşı savaş aparırlar. Əslində isə məzhəb davası gedir. Bəşər Əsəd və çevrəsi ələvilərdən ibarətdir, yerdə qalanlar isə sünnilərdir. Ələvilər də bilir ki, əgər Bəşər Əsəd hakimiyyətdən getsə, onların hamısını qıracaqlar. Bu səbəbdən də amansız müqavimət göstərirlər. Normalda ABŞ Suriyadan əlini çəkirsə, bu yer boş qalmamalıdır. Bu halda Suriyaya Türkiyə girəcək. Onsuz da Türkiyə Suriyaya girib, sadəcə ABŞ çəkiləcəksə, bu zaman daha çox girəcək. Bu baş versə, Səudiyyə də Suriyaya daxil olacaq. Türkiyə və Səudiyyə bölgənin ən böyük iki sünni dövlətidir. Əgər onlar Suriyaya daxil olacaqsa, bu zaman İran məcbur olub Suriyada varlığını göstərəcək. Bu halda münaqişə Suriyadan daha geniş xarakter alacaq, artıq şiə-sünni davası Suriya içərisindən çıxaraq regional davaya çevrilə bilər”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər