Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edən Prezident İlham Əliyev göüş iştirakçılarının müxtəlif məsələlərə dair suallarını cavablandırıb. Teleqraf.com xəbər verir ki, Avstraliyanın AAP agentliyinin baş direktoru Brüs Alan Davidson deyib:
– Cənab Prezident, bizi burada qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Bəli, Avstraliya Azərbaycan və Bakıdan böyük məsafədə yerləşir. Həmkarlarıma və dostlarıma Azərbaycana səfər edəcəyimi deyəndə maraqlısı o oldu ki, onların bir çoxu ölkəniz haqqında eşitməsinə baxmayaraq, onların Azərbaycanın harada yerləşməsi barədə məlumatları yoxdur. Beləliklə, Sizin ölkənizə səfər etməklə mən Azərbaycan haqqında daha çox məlumatlar əldə etdim. Nəzərimdən qaçmayan məqamlardan biri də yeni binaların müasir memarlığıdır. Bu da əlbəttə ki, müasir Bakının bir xüsusiyyətidir. Sidneydən gələn bir şəxs kimi deyə bilərəm ki, sizin yeni tikilən əyləncə mərkəzinizlə Sidney Opera Evinin bəzi elementləri arasında oxşarlıq var. Bilmirəm bu, bilərəkdən olub, ya yox. Ola bilsin ki, bu, belədir. Mən həmin binanın elementlərini nəzərdə tuturam. Sizdən soruşmaq istəyirəm: Bakıda bu çox müasir və innovasiyalı memarlıq üslubunun tətbiq edilməsi strategiyası sizə hansı faydalar verir?
Prezident İlham Əliyev:
– Şərhləriniz üçün sizə təşəkkürümü bildirirəm. Bakı tarixi şəhərdir, qədim şəhərdir. Tarixi Bakı bu gün görə biləcəyiniz qədim şəhər divarı ilə əhatə olunub. Yeri gəlmişkən, İçərişəhər dünya irsi kimi UNESCO tərəfindən qorunur. Əlbəttə ki, bizi narahat edən məsələ öz tarixi irsimizi qorumaqdır. Bakının çoxsaylı tarixi binaları XIX əsrdə Azərbaycanda ilk neft bumu yaşananda inşa olunub. Bu binalar dövlət tərəfindən də qorunur. Lakin şəhər inkişaf edir və biz vətəndaşlarımız üçün yaxşı şərait yaratmalıyıq. Buna görə də yeni infrastrukturun, müasir müəssisələrin və yeni binaların yaradılması Bakının tarixi görünüşü ilə ahəngdarlıq təşkil etməlidir. Düşünürəm ki, biz bunun öhdəsindən gəlmişik. Hesab edirəm ki, müasir və tarixi binalar arasında heç bir ziddiyyət yoxdur. Əksinə, siz İçərişəhərdən çıxıb yolu keçərək özünüzü ən uzun bulvarlardan biri olan 16 kilometrlik Dənizkənarı Parkda və müasir mühitdə tapa bilərsiniz. Biz tikintinin inkişafını diqqətlə izləyirik və ona nəzarət edirik ki, yeni binalar müasir memarlığa uyğunlaşsın. Onlardan biri sizin dünən olduğunuz Heydər Əliyev Mərkəzidir. Heydər Əliyev Mərkəzi bir çox beynəlxalq mükafatlara layiq görülüb və mən şəxsən hesab edirəm ki, o, məşhur memar Zaha Hadidin ən yaxşı incəsənət əsəridir və Mərkəz dünya kataloqlarındadır. Bakının digər yeni bir rəmzi “Alov Qüllələri”dir. Bu da şah əsərdir. Sizin istinad etdiyiniz və Sidney Opera Evinə oxşayan bina isə yeni tikinti kimi görünə bilər. O, Xəzər dənizində yerləşir, eləcə də “Marriott” otelinin yanında yerləşən yeni inşa edilmiş oteldir. Yeri gəlmişkən, o, Koreya memarları tərəfindən layihələndirilib. Beləliklə, bu, inkişafın göstəricisidir və çox şadam ki, sizin Bakıda gördüyünüz yeni inşa olunmuş binaların mütləq əksəriyyəti özəl sektor – yerli və xarici şirkətlər tərəfindən maliyyələşdirilib. Bu, onu göstərir ki, şirkətlərin burada çalışmağa çox böyük marağı var. Bunun üçün potensial və dinamika var. Bilirəm ki, sakinlərimiz Bakının dünyanın ən gözəl şəhərlərindən biri olması ilə fəxr edirlər.
Səxavət