29 Noyabr 2016 17:02
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkiqabağı kampaniya dövründə NATO ilə münasibətlərə dair açıqlamaları ilə də diqqət çəkirdi. Tramp hələ aprel ayında NATO-ya üzv digər dövlətlərin onlar qədər iş görmədiyini bildirmişdi. Demişdi ki, lazım gəlsə, üzvlükdən çıxa bilərlər: “Biz onları qoruyuruq. Onlar hərbi təhlükəsizlik və başqa bir çox şeylərdən faydalanıb ABŞ-ı hərifləyirlər. Onlar ya etməli olub etmədiklərinin qarşılığını ödəsinlər, ya da çıxıb getsinlər. Əgər bu NATO-nun parçalanması deməkdirsə, parçalansın”.

D.Tramp qeyd etmişdi ki, NATO Sovet İttifaqına qarşı qurulmuşdu və terror təhlükəsi qarşısındakı fəaliyyətinin heç bir mənası yoxdur: “Biz bu təşkilat üçün həddindən artıq pul xərcləyirik. Bunun qarşılığında isə üzv dövlətlərdən lazımi dəstək görmürük. Bu gün bizim üçün ən böyük təhlükə İŞİD deyilmi? Halbuki NATO terrorla mübarizə üçün yaradılmayıb. Təşkilat Sovetlər İttifaqına qarşı yaradılıb. İndi isə SSRİ yoxdur”.

Düzdür, D.Tramp sonradan bəzi fikirlərinə düzəliş edib. Xüsusilə, ABŞ prezidenti Barak Obama Trampla görüşdən sonra qeyd etdi ki, seçilmiş prezident NATO ilə strateji münasibətlərin qorunub saxlanılmasında maraqlı olduğunu bildirib. “Biz ölkəmizi daha təhlükəsiz edən bütün öhdəliklərin yerinə yetirilməsinə sadiqik”, – deyə B.Obama vurğulayıb.

Картинки по запросу elxan mehdiyev

Mövzu üzrə söhbətləşdiyimiz siyasi şərhçi Elxan Mehdiyev bildirib ki, D.Trampın bu fikirləri seçkiqabağı kampaniya vaxtı ifadə edilmiş fikirlərdir. Onun sözlərinə görə, Amerika kimi böyük dövlətə rəhbərlik edən şəxsin NATO-ya önəm verməməsi mümkün olan məsələ deyil: “Çünki NATO-nu Amerika yaradıb və Amerika olmasa NATO-nun mövcudluğu da mümkün deyil. İkincisi, amerikalılar NATO-nu 1949-cu ildə sovet təhlükəsinə qarşı yaradıblar. Sonradan NATO siyasi xarakter alıb. Şərqi Avropa ölkələrini də təşkilata daxil etməklə orda demokratiyanı, qanunun aliliyini bərqərar edən bir proses başladılıb. Sosialist düşərgəsinin dağılmasından sonra Şərqi Avropa ölkələrinin NATO-ya daxil olması, bu ölkələrin sovet sistemindən qalan strukturlarında islahat aparılması və tamamilə azad dünyanın tələblərinə cavab verən sistem yaradılması tələb olunurdu. Onlar da buna getdilər. Tarix də göstərdi ki, SSRİ-nin dağılmasından sonra NATO-nun qalması çox düzgün addım idi. Çünki Monteneqro da daxil olmaqla NATO bu gün 29 ölkəni özündə birləşdirən böyük bir sabitlik, inkişaf, müasir texnologiya mərkəzinə çevrilib”.

E.Mehdiyev bildirib ki, D.Tramp hərbi kəşfiyyatın keçmiş rəhbəri, istefada olan general Maykl Flinə milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini təklif edib: “Müdafiə naziri postuna təyin olunması gözlənilən general Ceyms Mattis adlı-sanlı amerikalı generaldır. Onu NATO-da hamı tanıyır . Bu baxımdan, əksinə, hələ Trampı ittiham edirlər ki, o, siyasi vəzifələrə daha çox hərbçiləri təyin edir. O hərbçilərin də hamısı faktiki olaraq NATO tərəfdarı, yaxud NATO-nu dəstəkləyən insanlardır. İkincisi də, Amerika prezidentinin NATO-nu dağıtması, yaxud alyansla soyuq münasibətlər yaratması ağlabatan deyil”.

Похожее изображение

Müsahibimiz qeyd edib ki, Trampın fikirləri sadəcə, Amerikada mövcud olan müxalifət fikirlərinin ifadəsi idi: “Bu da nədən ibarətdir? Tramp deyirdi ki, NATO-nun Avropadan olan üzvləri öz borclarını yerinə yetirmirlər. Borc da nədir? NATO-da müəyyən olunub ki, üzv ölkələrin hər biri dövlət büdcəsinin 2 faizini müdafiə xərclərinə sərf etsinlər. Amma onlar sərf etmirlər. Bütün digər xərclər qalırdı Amerikanın boynunda. Tramp da müxalifət kimi bunu tələb edirdi. Bu tələbi Corc Buşun prezidentliyinin son, Barak Obamanın prezidentliyinin ilk illərində (2006-2011-ci illərdə) ABŞ-ın müdafiə naziri olmuş Robert Qeyts də səsləndirirdi. O bildirirdi ki, belə getsə Konqres, NATO-nun lazım olub-olmaması məsələsinə baxacaq. Yəni, bu sözü təkcə Tramp demir. NATO ilə bağlı bu cür tənqidi fikirlərin hamısı maliyyə məsələləri ilə bağlıdır. Başqa sözlə desək, təhlükəsizlik istəyirsənsə, maliyyə də ödəməlisən”.

Qeyd edək ki, bir sıra ekspertlər NATO-nun öz missiyasını başa vurduğu qənaətindədirlər. Onlar öz fikirlərini bununla əsaslandırırlar ki, bu gün Amerikanın maraqlı olduğu addımlar NATO-nun iştirakı olmadan da atlır. ABŞ hansısa situasiyada NATO ilə hesablaşmır və bu zaman NATO-nun mənası və əhəmiyyəti qalmır. E.Mehdiyev bu fikirlərlə razılaşmadığını bildirib. O əlavə edib ki, sadəcə olaraq NATO-nun məsuliyyət dairəsi anlayışı var: “NATO-nun məsuliyyət dairəsi anlayışına alyans ölkələrinin təhlükəsizliyi daxildir. NATO-nun Liviyada, yaxud Suriyada vuruşması mümkün deyil. Bu o vaxt ola bilər ki, beynəlxalq təşkilatların qərarı olsun. Məsələn, Əfqanıstan əməliyyatları zamanı BMT kimi beynəxalq təşkilatların qərarı olduqda NATO ora öz qüvvələrini yollaya bilər. Amma NATO üzvü olan ölkələr özlərinin ikitərəfli razılığı, yaxud öz qərarları əsasında da hərəkət edə bilərlər. Məsələn, indi Türkiyə Suriyadadır. Amerika və fransız təyyarələri isə heç də NATO-nun qərarı ilə Suriyada əməliyyat aparmırlar. Bu, sadəcə həmin ölkələrin birbaşa müdaxiləsi sayılır”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər