Türkiyənin Baş naziri Binəli Yıldırım Bağdada səfəri çərçivəsində İraq türkmanlarının nümayəndələrini qəbul edib.
Axar.az xəbər verir ki, görüşdə Baş nazir İraqın üzləşdiyi çətinliklərdən ən çox türkmanların əziyyət çəkdiyini və hər zaman onlara kömək etdiklərini bildirib. “Türkmanlar həm doğma qardaşımız, həm də İraqla aramızdakı qardaşlıq bağıdır”, - deyə Binəli Yıldırım vurğulayıb.
Aralarında türkmanların da olduğu 300 min iraqlını Türkiyədə yerləşdirdiklərini söyləyən Baş nazir vurğulayıb ki, bundan sonra da başda İraq türkmənləri olmaqla bütün iraqlılara yardımlarını davam etdirəcəklər.
Türkiyənin Baş naziri İraqın terrorizmlə mübarizəsinə, ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində töhfə verdiklərinə işarə edərək, İŞİD bəlasından azad edildikdən sonra türkmanların yaşadığı şəhərlər də daxil olmaqla, zərərə məruz qalan İraq yaşayış məntəqələrinin yenidən inşası üçün lazım olan hər cür dəstəyi göstərəcəklərini qeyd edib.
Qəbulda türkman siyasətçilər Binəli Yıldırımın sözlərini yüksək qiymətləndirərək, türkmanlarla Türkiyə arasındakı sarsılmaz qardaşlığın, İraq-Türkiyə münasibətləri üçün də böyük dəyər olduğunu bildiriblər.