Yeni seçilmiş ABŞ Prezidenti Donald Trampın andiçmə mərasiminə bir həftə qalmış Vaşinqtonda vətəndaş hüquqları hərəkatının fəalları etiraz aksiyasına başlayıblar.
Nümayişçilər Donald Tramp hakimiyyətinin növbəti dörd ili ərzində bərabərlik və ədalət uğrunda mübarizəni etiraz aksiyaları ilə davam etdirəcəklərini bildirirlər. Nümayişçilərin şüarlarından biri “Ədalət yoxdursa, deməli, sülh yoxdur” olub. Bu yolla onlar azlıqların hüquqlarına və Donald Trampın prezidentliyi dövründə ləğv edəcəyini söz verdiyi “Pasiyentlərin müdafiəsi və əlçatan tibbi xidmət haqqında” Qanunun (Obamacare) qorunub saxlanmasına dəstəklərini ifadə ediblər.
Vətəndaş hüquqlarının müdafiəsi qrupu, o cümlədən Ağ irqə mənsub olmayanlara kömək Milli Assosiasiyası və “La Raza” Milli Şurası, konqresmen-demokratlar etiraz aksiyasında iştirak edəcəklərini bildiriblər. Nümayişçilər əsas etiraz aksiyasını yanvarın 20-də olacaq andiçmə mərasimi günündə keçirməyə hazırlaşırlar.