17 Yanvar 2017 18:12
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokrat Partiyasından 44-cü ABŞ prezidenti Barak Obamanın Ağ Evi tərk etməsinə bir neçə gün qalır. Yanvarın 20-də öz postunu Respublikaçılar Partiyasından 45-ci ABŞ prezidentinə təhvil verəcək Obamanın fəaliyyətini təhlil etməyin əsl zamanıdır. İlk qaradərili ABŞ prezidentinin ötən 8 ildəki fəaliyyəti nə ilə yadda qaldı?

Biz Obamanın fəaliyyətini üç aspektdən – Azərbaycanla bağlı siyasət, ABŞ daxili və superdövlətin dünyadakı proseslərlə bağlı yürütdüyü siyasət baxımından şərh etməyə çalışdıq.

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-a açıqlamasında bildirdi ki, Azərbaycan kiçik dövlət olduğu üçün Obamanın ölkəmizlə bağlı ayrıca siyasəti olmayıb. Onun sözlərinə görə, təkcə Azərbaycanla bağlı deyil, digər kiçik dövlətlərlə də bağlı Amerikanın hansısa məxsusi siyasət yürütməsinə ehtiyac yoxdur: “Amerikanın bütün kiçik dövlətlərlə bağlı siyasəti müəyyən bir çərçivədə aparılır. Azərbaycanla bağlı siyasət də ümumi siyasi çərçivənin içindədir”.

Z.Əlizadə qeyd edib ki, nə iqtisadi münasibətlərdə, nə Qarabağ, nə də insan haqları məsələsində Obama dövründə Amerikanın siyasətində hər hansı yenilik olub: “İqtisadi əlaqələr 22-23 il bundan əvvəl qurulub. Neft-qaz layihələri icra olunur, borular çəkilib. Azərbaycan Əfqanıstana uçan ABŞ təyyarələri üçün tranzit ölkədir”.

Dünya miqyasında B.Obamanın fəaliyyətinə toxunan Z.Əlizadə qeyd edib ki, 44-cü ABŞ prezidentinin siyasəti ABŞ-ın qlobal münaqişələrə bilavasitə müdaxiləsini məhdudlaşdırmaqdan ibarət idi: “Obama buna böyük dərəcədə nail oldu. Amerika qoşunlarının böyük hissəsini, böyük əksəriyyətini İraqdan, Əfqanıstandan çıxardı. Digər ərəb və müsəlman ölkələrinə qarşı olan təcavüzlərdə də Amerikanın iştirakı silah-sursat verməklə, hərbi-hava qüvvələri və bəzi hallarda xüsusi təyinatlılarının iştirakı ilə məhdudlaşdı. Prezident Buş Əfqanıstana, İraqa nəhəng ABŞ qoşunlarını göndərirdisə, Obama söz verdiyi kimi, o qoşunları ordan çıxardı. Bəli, Liviyanı məhv elədilər. Amma Amerika bu məsələdə də amerikan təyyarələrinin bombardımanda iştirakı və Fransa, İtaliyaya, İngiltərəyə qanadlı raketlər verməklə kifayətləndi”.

ABŞ daxilində B.Obamanın yürütdüyü siyasətə gəldikdə isə politoloq qeyd edib ki, onun vaxtında ABŞ dövlətinin borcu xeyli dərəcədə artdı: “İndi bu borc 17 trilyon dollara çatıb. Amma eyni zamanda o, kasıb amerikalılar üçün tibbi sığorta sistemi tətbiq elədi. Onun dövründə Amerikada zəif də olsa, müəyyən iqtisadi artım başladı. Müxtəlif illərdə 1,5-2 və 2,5 faiz həcmində artım başladı, işsizlik nəzərəçarpacaq dərəcədə azaldı. Bu gün Amerika dolları kifayət qədər möhkəmdir, Amerika hərbi gücü, öz iqtisadi və siyasi fəaliyyəti ilə amerikan milli əskinasının dünyadakı aparıcı rolunu qoruyub saxlaya bilib. Hər halda Amerika xalqı onun fəaliyyətindən razıdır. Onu çox böyük təəssüflə yola salırlar. Barak Obama hörmətli bir prezident kimi gedir”.

B.Obamanın dövründə rasizm əsasında müəyyən narazılıqların olduğunu xatırladan Z.Əlizadə Amerika prezidentinin qaradərili olduğunu nəzərə alaraq bu narazılıqların cəmiyyətdə ciddi sarsıntı yaratmadığını vurğulayıb.

Z.Əlizadə daha sonra deyib: “Barak Obamanın xarici siyasətdə ən böyük uğurlarından biri Ukrayna ilə Rusiyanın arasını vura bilmək oldu. Rusiya hakimiyyəti ilə Ukrayna hakimiyyətinin bu fəndi görməyə ağılları çatmadı. Mehriban münasibətlərdən xeyli fayda görən Ukrayna və Rusiya heç nəyin üstündə zibilə düşdülər və düşmənə çevrildilər. Hesab edirəm ki, bu da özünü çox ötkəm aparan və dünya güclərindən biri olmağa iddia edən Rusiyaya Obamanın yaxşı bir şapalağı idi”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər