İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İsveçrənin Davos şəhərində Suriya böhranı ilə bağlı keçirilən toplantıya qatılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, çıxışı zamanı Suriya probleminin həlli istiqamətində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək toplantıdan danışıb.
Suriyanın baş naziri Emad Xəmislə görüşündən sonra jurnalistlərə açıqlama verən Vilayəti bildirib ki, rəsmi Tehran Amerikanın Astanada keçiriləcək sülh danışıqlarına qatılmasına qarşıdır: “İran, Rusiya və Türkiyə birlikdə Suriya probleminin həllinə yardım etməlidir. Hesab edirik ki, bu danışıqlara yalnız Suriyanın dostları qatılmalı və bu böhranın həllinə birlikdə yardım etməlidir. Biz Suriya hökumətinə qarşı çıxanların bu müzakirələrə qatılmasının əleyhinəyik.
Bizdə olan məlumatlara görə, amerikalılar müşahidəçi qismində həmin sülh danışıqlarına qatılmağa israr edirlər. Lakin məsələ ondadır ki, onlar müşahidəçi kimi bu müzakirələrə qatılsalar, artıq bununla kifayətlənməyəcəklər. Məhz buna görə də biz Amerikanın və regionun mürtəce ölkələrinin bu danışıqlara qatılmasına müxalifik. Səudiyyə Ərəbistanı, Qətər və onların müttəfiqləri Suriya əhalisinin qətlə yetirilməsində, bu ölkənin infrastrukturunun üçdə birinin dağıdılmasında əsas rol oynayıblar. Elə buna görə də bu ölkələr də danışıqlara qatılmamalıdır”.
Samir