İsrailin baş naziri Benyamin Netanyahu Youtub-da yaydığı qısa video-çarxda İran xalqına müraciət edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Netanyahu müraciətində İranla İsrail xalqlarının dostluğundan danışıb.
Netanyahu bildirib ki, o, ölkəsini məhv etmək istəyən İran rejiminin təhlükəsinin qarşısını almaq üçün Amerikanın yeni prezidenti ilə danışıqlar aparacaq: “Mən indiyə qədər İran rejimi haqda çox danışmışam. Lakin İran xalqı barədə və ya birbaşa iranlılarla kifayət qədər söhbət etməmişəm. Elə buna görə də ümid edirəm ki, mənim bu mesajım qocasından tutmuş cavanına qədər, dindarından tutmuş sekulyarına qədər və ya qadınından tutmuş kişisinə qədər bütün iranlıların qulağına çatacaq.
Bilirəm ki, siz qorxusuz bir həyat sürməyə üstünlük verərdiniz. Bilirəm ki, azad və sərbəst şəkildə danışmaq, hər hansı bir işgəncədən və ya kran vasitəsilə edamdan qorxmadan istədiyiniz adamı sevmək istərdiniz. Bilirəm ki, siz hər hansı bir senzura və ya süzgəc maneəsi ilə rastlaşmadan azad şəkildə internetə girib ondan istifadə etmək istəyirsiniz. Siz iftixarlı bir tarixin sahibisiniz. Sizin zəngin mədəniyyətiniz var. Lakin təəssüflər olsun ki, bir dini istibdad vasitəsilə zəncirlənibsiniz. Halbuki, azad bir İranda siz hər hansı bir məhdudiyyətlə qarşılanmadan yenidən inkişaf edə, çiçəklənə biləcəksiniz. Lakin bu gün zülmkar bir hakimiyyət sizi öz hegemonluğu altında saxlamağa çalışır.
Mən heç vaxt ölkədə dəyişiklik tərəfdarı olan cavan və igid iranlı tələbələrin 2009-cu ildə Tehran küçələrində güllələnməsini unutmayacağam. Bu rəhmsiz və qəddar rejim sizi hələ də azadlıqdan məhrum etməyə çalışır. Elə buna görə də minlərlə namizədin seçkilərə qatılmasının qarşısını da alır.
Bu rejim yoxsul və kasıblarınızın haqqı olan sərvəti oğurlayaraq, onu kütləvi qırğınların səbəbkarı olan Bəşər Əsəd kimi bir şəxsə sərf edir. Bu rejim İsrailin məhvi ilə bağlı gündəlik səsləndirdiyi təkrar şüarlarla bizim aramızda düşmənçilik toxumu səpməyə çalışır. Bu isə səhv addımdır. Biz sizin düşməniniz yox, dostunuzuq. Bu rejim qəddar və rəhimsizdir. Halbuki İran xalqı belə deyil. Bu rejim müharibə tərəfdarıdır. İnsanlar isə istiqanlıdır.
Arzu edirəm elə bir gün gəlsin ki, iranlılarla israillilər bir daha azad şəkildə Tehran, İsfahan, Qüds və Təl-Əvivdə bir-birləri ilə görüşə bilsinlər. Ekstremist dindarlar qələbə çalmamalıdır. Onların rəhimsizliyi bizim şəfqətimizə qalib gəlməməlidir. Bizim insanlarımız əl-ələ verərək hər iki millət üçün sülh və ümid dolu bir gələcək uğrunda birgə fəaliyyət apara bilərlər. Biz terrora və istibdada qalib gəlməliyik və əmin olmalıyıq ki, azadlıq və dostluq bu işdə son qələbəni çalacaqlar”.
Samir