30 Yanvar 2017 18:32
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 28-də ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında çoxdan gözlənilən telefon danışığı baş tutdu. Telefon danışığı ilə bağlı Kremlin mətbuat xidmətinin yaydığı açıqlamada iki ölkə liderinin geniş spektrli məsələləri müzakirə etdikləri bildirilib. Kremlin mətbuat xidməti onu da qeyd edib ki, tərəflər telefon danışığı zamanı konstruktiv, bərabərhüquqlu və qarşılıqlı faydalı şərtlər əsasında əməkdaşlığın bərpası və inkişaf etdirilməsi istiqamətində birgə fəal iş aparmaq niyyətində olduqlarını bildiriblər.

Bəs, iki liderin telefon danışığını ekspertlər necə qiymətləndirir? Yaxın və ya uzaq perspektivdə Rusiya-ABŞ əlaqələrinin bərpasından danışmaq mümkün olacaqmı?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu yanvarın 28-də baş tutan telefon danışığının prezidentlər arasındakı ikinci telefon danışığı olduğunu bildirib. O qeyd edib ki, ilk telefon danışığı prezident seçkisindən dərhal sonra, yəni D.Trampın qələbəsi rəsmiləşəndən sonra baş tutub. Onun sözlərinə görə, həmin telefon danışığı qısa müddət davam etmişdi: “Yanvarın 28-də ikinci danışıq baş tutub və 45 dəqiqə davam edib. Müxtəlif məsələlər müzakirə olunub. Nəzərə almaq lazımdır ki, bu 45 dəqiqəlik telefon danışığında sinxron tərcümə də olub. Bu da vaxt aparan məsələdir. Ona görə iki ölkə liderinin bütün məsələləri detallı şəkildə müzakirə etmələri mümkün deyil. Yəqin ki, liderlər sıra-sıra mövzulara keçid ediblər. Ukrayna məsələsi, Suriya müharibəsi, beynəlxalq terrorçuluqla mübarizə kimi məsələlərin hər biri ətrafında yəqin ki, hər birinin iki-üç cümləlik fikir mübadiləsi olub”.

E.Şahinoğlu qeyd edib ki, hər iki tərəf telefon danışığını müsbət qiymətləndirib: “Biz Trampın seçkiqabağı verdiyi vədləri necə sürətlə həyata keçirdiyini görürük. Bu, əslində çoxları üçün gözlənilməz oldu. Düşünülürdü ki, vəddir verib, seçildikdən sonra başqa siyasət yürüdəcək. Amma görürük ki, bütün vədlərinin həyata keçirilməsinə girişib. Tramp ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmasına dair fərman imzaladı. Kanada ilə neft kəmərinin tikintisinə yaşıl işıq yandırdı. Halbuki, Barak Obama onu dayandırmışdı. Yaxın vaxtlara Meksika ilə divarın tikintisinə başlanılır. Üstəlik, böyük qalmaqala səbəb olan 7 müsəlman ölkəsindən miqrant axınının qarşısını alan fərman imzalayıb. Növbəti addım olaraq qarşıda Rusiya ilə münasibətlərin normallaşması dayanır ki, Tramp bunu da seçkiqabağı vəd vermişdi. Amma Tramp bu məsələdə Konqres tərəfindən ciddi müqavimətlə üzləşib. Öz partiyadaşları – respublikaçıların əsas arqumenti budur ki, Rusiya Ukraynanı parçalayıb, Krımı ilhaq edib, buna görə də Rusiyaya sanksiya tətbiq edilib və qəfildən Moskva ilə münasibətləri normallaşdırmaq, sanksiyaları yumşaltmaq mümkün deyil. Tramp artıq bu arqumentlə hesablaşmağa başlayıb. İlk qəbul etdiyi xarici qonaq – Böyük Britaniyanın baş naziri Tereza Mey ona işarə etdi ki, mən sənin strateji müttəfiqin olsam da, sən gərək Rusiya məsələsində həssas olasan. Çünki bizim Rusiyaya tətbiq etdiyimiz sanksiyalar var. Məncə, Tramp bunu nəzərə alacaq”.

Mərkəz rəhbəri qeyd edib ki, əslində Rusiya hakimiyyətinin də sanksiyalar məsələsində Trampdan böyük gözləntisi yoxdur: “Çünki Rusiya hakimiyyəti başa düşür ki, Tramp indiki vəziyyətdə – ABŞ prezidenti ilk gündən sıxılmış vəziyyətdədir – durub qəfildən Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq. Amma nə baş verir? Əgər Tramp Suriyada Rusiya və Türkiyə ilə birgə beynəlxalq terrorçuluqla mübarizəyə başlayarsa, ittifaq yarana bilər. Bu ittifaqın davamı kimi gələcəkdə sanksiyaların yumşaldılması da mümkündür. Buna Rusiya hakimiyyəti və Putin də ümidlidir”.

Bəs, telefon danışığından sonra nə baş verə bilər? E.Şahinoğlu qeyd edib ki, indiki mürəkkəb geosiyasi şəraitdə V.Putinin yaxın vaxtlarda Vaşinqtona, D.Trampın da Moskvaya rəsmi səfər etməyəcəyi aydındır: “Amma onlar hər hansı üçüncü ölkədə, yaxud böyük bir beynəlxalq konfrans çərçivəsində görüşüb geniş fikir mübadiləsini davam etdirə bilərlər”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər