Əfqanıstanın Bəlx əyalətində qısqanc ər 23 yaşlı həyat yoldaşının qulağını kəsib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Zarina adlı qadın hazırda xəstəxanadadır. "Mən heç bir günah iş tutmamışam. Bilmirəm ərim məni niyə bu hala salıb", deyə qadın bildirib. Zarina deyib ki, əri onu qəfil yuxudan oyadaraq heç bir səbəb olmadan döyüb, qulağını kəsib.
13 yaşında ərə verilən Zarina əri ilə münasibətlərinin heç vaxt yaxşı olmadığını deyib.
Zarina qeyd edib ki, əri onun öz valideynləri ilə görüşməsinə icazə verməyib: "O, hər şeydən şübhələnən adamdır və mən valideynlərimi görməyə gedəndə məni başqa kişilərlə söhbət etməkdə günahlandırırdı".
Qadının əri hadisəni törətdikdən sonra Kaşinda rayonundan qaçıb.
Əfqanıstanda qadınlara qarşı məişət zorakılığı çox geniş yayılıb.
2016-cı ilin yanvarında Fəryab vilayətinin Gormaç rayonunda Reza Gul adlı gənc qadının burnu əri tərəfindən kəsilib.
2015-ci ilin noyabrında Gor vilayətində bir gənc qadın sədaqətsizlikdə günahlandırılandan sonra daşqalaq edilərək öldürülüb.
2015-ci ilin martında kabilli gənc qadın Farxunda Quranı yandırdığına dair saxta iddialarla döyülüb və yandırılıb.
2014-cü ilin sentyabrında kişi mətbəx bıçağı ilə arvadının burnunun bir hissəsini kəsib.
2010-cu ildə kişi evdən qaçan 18 yaşlı Ayşanın burnunu və qulaqlarını kəsmişdi.