2 Fevral 2017 15:12
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda siyasi gərginlik yenidən artıb. Bu, aprelin 2-də təcavüzkar ölkədə parlament seçkisinin keçiriləcəyi ilə əlaqədardır. Ölkənin prezidenti postunda əyləşən separatçı-terrorçu Serj Sərkisyanın situasiyanı yumşaltmaq üçün atdığı bütün addımlar, o cümlədən fevralın 1-dən elektrik enerjisinin qiymətinin aşağı salınmasına dair verilən qərar da fayda vermir. S.Sərkisyanın əleyhdarları onun indiyədək atmış olduğu addımlardan dövlət başçısına qarşı məharətlə istifadə edirlər.

Qeyd edək ki, Ermənistanın əsas qanununa 6 dekabr 2015-ci ildə keçirilən referendumla edilən dəyişikliyə görə parlament yalnız proporsional əsaslarla formalaşacaq. Yəni, bu seçkidən sonra Ermənistan parlament üsul-idarəsinə keçəcək. Bütün parlamentli respublikalarda olduğu kimi Ermənistanda da əsas fiqur baş nazir olacaq.

Separatçı-terrorçunun məkrli planı

Ermənistan konstitusiyasına görə, prezidentin səlahiyyət müddəti 5 ildir. Heç kim dalbadal iki dəfədən artıq ölkə prezidenti seçilə bilməz. Hazırkı dövlət başçısının səlahiyyət müddəti 2018-ci ilin aprelin 9-da başa çatacaq. İndi Sərkisyanın istədiyi odur ki, səlahiyyət müddəti başa çatdıqdan sonra baş nazir kürsüsünə yiyələnməklə ölkənin idarəçiliyini yenə də öz əlində saxlasın. Nisbətən güclü siyasi fiqur olan Ovik Abramyanın 2016-cı ilin sentyabrında baş nazir kürsüsündən uzaqlaşdırılması və onun yerinə heç bir siyasi keçmişi və iddiası olmayan Qarabağ klanının nümayəndəsi Karan Karapetyanın təyin edilməsi bundan xəbər verir. Sərkisyanın prezidentlik müddəti başa çatdıqdan sonra Karapetyanı yola salmağı və daha geniş səlahiyyətə malik baş nazir kimi siyasi karyerasını davam etdirməyi düşündüyünü güman etmək olar.

Ancaq güclü müxalifət varkən, Sərkisyan buna nail ola biləcəkmi? Bu sual indi çoxlarını düşündürür və güclü rəqiblərin mövcudluğu fonunda Ermənistanda keçirilək parlament seçkisi böyük maraq doğurur.
Bəri başdan qeyd edək ki, müxalifətin mövqeyinin güclənməsinə 2016-cı ilin “Aprel döyüşləri” mühüm təsir göstərib. Məhz bu döyüşlər sayəsində güclü erməni ordusu mifinin dağılması, Azərbaycan ordusunun istehkam xəttini yarması, müəyyən əraziləri geri qaytarması Sərkisyanın ölkə daxilində dayaqlarının ciddi şəkildə zədələnməsinə yol açıb. Üstəlik, sosial-iqtisadi problemlərin artmasını, ölkənin başqa bir ölkənin satellitinə çevrilməsini, şərəfini itirməsini vətəndaşlar hazırkı prezidentə bağışlamaq istəmirlər.

Sərkisyanın rəqibləri. Kim kimdir?

S.Sərkisyanın ən güclü və məkrli rəqibi vaxtilə eyni komandada çalışdıqları Robert Köçəryandır. R.Köçəryan ara-sıra mətbuata müsahibələr verir və hazırkı prezidentin yürütdüyü siyasi xəttdən narazılığını gizlətmir. O, birbaşa siyasətlə məşğul olmasa da, əsas biznes tərəfdaşı, iri oliqarx, “Çiçəklənən Ermənistan” partiyasının qurucusu və 2015-ci ilədək sədri, Ermənistan Milli Olimpiya Komitəsinin sədri, Ermənistan Milli Məclisinin deputatı Qaqik Tsarukyanın vasitəsilə öz siyasi varlığını hiss etdirməyə çalışır. Qaqik Tsarukyanın qurucusu olduğu partiya (2015-ci ildən partiyanın sədri Naira Zöhrabyandır) 131 yerlik Ermənistan Milli Məclisində 29 deputat yerinə sahibdir. Təkcə bu fakt “Çiçəklənən Ermənistan”ın, onun timsalında N.Zöhrabyanın, Q.Tsarukyanın və R.Köçəryanın nə qədər güclü müxalifət olduğunu ortaya qoyur. Bu şəxslərin seçkidə vahid blokla iştirak edəcəkləri gözlənilir. Blokun “Tsarukyan” adlandırılacağı gözlənilir.

S.Sərkisyana qarşı dayanan güclərdən daha biri sabiq prezidentdir. Söhbət ölkənin ilk prezidenti Levon Ter-Petrosyandan gedir. Onun rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası ətrafında formalaşmış Erməni Ümummilli Hərəkatı 2008-ci ildə keçirilən seçkidə 351 min 306 seçici səsi, yaxud səslərin 21,5 faizini toplayaraq ikinci yeri tutmuşdu.

Yeni qüvvələr iddialıdır

Ənənəvi müxalifət sıralarına bu il yeniləri də əlavə olunub. Robert Köçəryan dövrünün (1998-2008) xarici işlər naziri Vardan Oskanyan hazırda “Birlik” Partiyasına rəhbərlik edir. O, yanvarın 26-da “Nyus.am” saytına geniş müsahibəsində seçkidə “Tsarukyan” bloku ilə birgə iştirakın istisna edilmədiyini vurğulayıb.

Qeyd etdiyimiz kimi seçki yaxınlaşdıqca həyəcan da artır. Siyasət meydanında yeni isimlər və parlamentdə çoxluğa sahib olmaq üçün yeni qüvvələr peyda olmağa başlayır. Bunlar əsasən S.Sərkisyanın komandasının keçmiş üzvləridir. Komandasının keçmiş üzvlərinin sayəsində Azatın oğlunun (S.Sərkisyanın-S.Həmid) seçkidə qalib gəlmək şansı hər gün bir qədər azalır. Serjikə qarşı çıxanlardan biri də keçmiş müdafiə naziri Seyran Ohanyandır. Sabiq nazir artıq seçkidə iştirak etmək niyyətini bəyan edib. O, Ermənistanın Prezident Aparatı rəhbərinin keçmiş müavini Viktor Dəlləkyanın yaratdığı “Üçüncü Respublika” partiyasına rəhbərlik edəcək. Yeni partiyanın S.Sərkisyana qarşı müxalif mövqe tutacağı bildirilir.

Ölkə başçısına qarşı müxalifətə keçən şəxslərdən biri də ötən ilin sentyabrınadək baş nazir kürsüsünü tutan Ovik Abramyandır. O, bu günlərdə S.Sərkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasının sıralarını tərk edib. O.Abramyanın da “Çiçəklənən Ermənistan” Partiyasına üzv olacağı bildirilir.

Seçkidə səslərin əksəriyyətini əldə etməyə iddialı siyasətçilərdən biri də “İrs” Partiyasının sədri Raffi Ovannisyandır. Düzdür, son vaxtlar onun fəallığı bir o qədər də nəzərə çarpmır. Amma bu, bəlkə də onun siyasi xəttinin xarakterik xüsusiyyətidir. Nəzərə almaq lazımdır ki, 2013-cü ildə keçirilən seçkilərdən öncə də R.Ovannisyan adı çox şey demirdi. Ancaq o, birdən-birə irəli çıxdı və Levon Ter-Petrosyanın boykot etdiyi seçkiyə qatılaraq 539 min 672 seçici səsi, yaxud səslərin 36,75 faizini əldə edərək ikinci yerə çıxdı.

Bütün bu faktları ümumiləşdirdikdə, düz 2 aydan sonra Ermənistanda parlament seçkisinin gərgin keçəcəyini asanlıqla söyləyə bilərik. S.Sərkisyanın parlament çoxluğunu nəyin bahasına olur-olsun, əldə etmək istəyi təcavüzkar ölkədə yeni çaxnaşmalara yol açacaq.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər