Latviya-Rusiya sərhədində qeyri-leqal miqrant axının qarşısını almaq üçün 23 kilometr uzunluğunda hasar ucaldılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Latviya Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Yevgeniya Polznyak bildirib.
“Hasarın tikintisinə 2015-ci ildə başlanılıb, işlər 2019-cu ilədək davam etdiriləcək. Hazırda 65 km uzunluğunda sərhəd zolağı lazımi avadanlıqlarla təchiz edilib, həmçinin 23 kilometr uzunluğunda hasar ucaldılıb”, - deyə Polznyak bildirib.
2017-ci ildə 150 km-lik sərhəd zolağının avadanlıqlarla təchiz edilməsi və 60 kilometrlik hasarın ucaldılması işlərinə 6,3 mln. avro ayrılıb.
Hasarın hündürlüyü, tikanlı məftil daxil olmaqla, minimum 2,7 metr təşkil edir.
Ümumilikdə hasarın tikintisinə 17 mln. avro ayrılacağı planlaşdırılır.