6 Fevral 2017 17:57
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülhəddin Əkbər: “Ukrayna böhranını alovlandırmaqla Putin-Tramp yaxınlaşmasına mane olmaq istəyirlər”

Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.

- Sülhəddin bəy, ABŞ prezidenti Donald Trampın son qərarlarını necə şərh edərdiniz?
- Təbii ki, Tramp çalışır ki, seçki kampaniyası dövründə verdiyi vədlərə əməl etdiyini göstərsin. Bildiyiniz kimi,ABŞ-da keçirilən rəy sorğularına görə, ölkə əhalisinin əksəriyyəti Trampın fəaliyyətinə mənfi yanaşır. Seçkilərdə Trampın rəqibi Klinton ondan daha çox səs toplamışdı. Tramp ABŞ tarixində yeganə siyasətçidir ki, seçkilərdən sonra ən aşağı reytinqi olan seçilmiş prezidentdir. Bu günə qədər heç bir yeni seçilən prezidentin reytinqi onun qədər aşağı olmayıb. Ona görə də Tramp çalışır ki, seçicilərə verdiyi vədlərə əməl etdiyini göstərsin. Odur ki, Meksika sərhəddində hasar çəkilməsi, miqrasiya məsələsi və Obamanın verdiyi bəzi qanunlarla bağlı dərhal qərarlar verdi, müvafiq qurumlara təlimatlar göndərdi. Amma yeddi müsəlman ölkəsindən gələn mühacirlərə qadağa qoyulması haqda qərarı müqavimətlə qarşılandı. İlk dəfə federal məhkəmə bunu rədd etdi. Tramp administrasiyası bundan sonra Apelyasiya Məhkəməsinə müraciət etdi. Lakin bu instansiya da federal məhkəməninin qərarının düzgün olduğunu elan etdi.

Xarici siyasətə gəldikdə Trampa qarşı həm ABŞ daxilində, həm də dünyada etiraz aksiyaları davam edir. Trampın xarici siyasətində qəti və aydın bir addımı yoxdur. Yalınız azad ticarət və investisiya sazişindən çəkilib, başqa addım yoxdur. Həm də Suriya və İŞİD-lə bağlı təlimatı var. Amma Rusiya ilə siyasət bəlli deyil, Avropa Birliyi ilə bağlı yanaşmanın necə olacağı aydınlaşmayıb. Böyük Britaniyanın baş nazirinin Vaşinqton səfərindən sonra NATO məsələsində geri çəkilmələr var. Ölkənin xarici siyasətində bəlli olan istiqamətlər Tramp administrasiyasının azad ticarət və investisiya sazişindən geri çəkilməsi, Böyük Britaniya və İsraillə sıx əməkdaşlıqdır.

- Ancaq İran məsələsi də var və Tramp anti-İran bəyanatları ilə gündəmə gəlib...
- İran məsələsi bir qədər erkəndir. Yeganə bəlli olan odur ki, İran məsələsi yeni Amerika administrasiyanın gündəminə oturacaq. İndi bunu əminliklə demək olar.

- Deyirsiniz ki, ABŞ-İran münasibətləri kəskinləşəcək?
- Bəli, münasibətlər kəskinləşəcək. Trampın siyasəti tam bəlli olmasa da, xarici geosiyasətlə bağlı konstruksiyanı belə qurub ki, bütün millətlərüstü qurumları zəiflətmək, mümkün olsa dağıtmaq, ABŞ-ın qarşısında duran böyük gücləri zəiflətmək. Burada yeganə qeyri müəyyən və zəif həlqə Rusiya məsələsidir. Görünən budur ki, Tramp Rusiyaya yaxınlaşmaqla Moskvanı Çindən və İrandan uzaqlaşdırmaq istəyir. Və ya Rusiya ilə yaxınlığını əsaslandırmaq üçün İran və Çin məsələsini önə çəkmək istəyir. Həm öz partiyası, həm də ölkə daxilindəki müxalifətə göstərmək istəyir ki, ABŞ üçün əsas təhlükə mənbəyi Çin və İrandır. Bu iki ölkə ilə effektiv və təsirli mübarizə aparmaq üçün Rusiyanı onlardan ayırmalıyıq. Başqa sözlə, Tramp deyir ki, beynəlxalq terrorizmlə mübarizədə, habelə İran və Çin məsələsində Rusiyaya ehtiyacımız var. Fikrimcə, prezident Tramp Rusiya ilə yaxınlaşmaq siyasətini belə əsaslandıracaq. Ancaq bunun baş tutub-tutmayacağını yaxın gələcək göstərəcək.

- Trampın müsəlman aləmi ilə bağlı siyasəti islamafobiyanı gücləndirə, ciddi fəsadlar verə bilərmi?
- Əvvəla, qeyd etmək lazımdır ki, dünyada demokratiya və azadlıq istiqamətində geriləmə var. Soyuq savaş bitdikdən sonra sürətli qloballaşma və liberallaşma prosesi getdi. Dünyada qloballaşmanın sürətli inkişafı milli institutlarda, mühafizəkar millətçi kəsimlərdə qorxu yaratdı. İndi sanki buna əks proses gedir. Bu əks prosesdə xristian dünyasında və yəhudilərdə millətçiliyi, dini radikalizmi və islamafobiyanı gücləndirir. Bu təbii ki, qarşılıqlıdır. Bir tərəfdən islam dünyasında, digər tərəfdən Avropa və ABŞ-da gedən proseslər bu iki xətti qarşılıqlı olaraq gücləndirir və qüsurlu həlqə yaranır. Görünən odur ki, yaxın gələcəkdə Qərbdə və müsəlman aləmində gedən bu tendensiya qarşılıqlı olaraq bir-birini gücləndirəcək. Prezident Trampın bu istiqamətdə addım atması bir tərəfdən müsəlman dünyası ilə münasibətləri gərginləşdirəcək, digər tərəfdən Avropada mühafizəkar millətçi dairələri həvəsləndirəcək, onlara stimul verəcək. Ancaq eyni zamanda ABŞ daxilində bəzi proseslərə də təsir göstərəcək. Artıq ABŞ daxilində yeni administrasiyanın məhkəmə sistemi ilə problemləri olacağı, ictimai rəy və media, daxili müxalifətlə ciddi problemlər yaşanacağı görünür.

- Bəzi ekspertlər deyirlər ki, bu cür davam etsə, Tramp 4 illik prezidentlik müddətini başa vura bilməyəcək...
- Bunu gələcək göstərir. Hesab edirəm ki, bunlar iddialı proqnozlardır və daha çox ehtimallara söykənir. Həm də daha çox Trampa qarşı olan dairələrin arzu və istəklərini ifadə edirlər. Nəzərə almaq lazımdır ki, prezident Trampın çox güclü və səviyyəli komandası var. ABŞ-da demokratik sistem, oturuşmuş qurumlar var. Bura Konqresin həm Nümayəndələr palatasını, həm də Senatı daxil edirəm. Eləcə də Pentaqon, Dövlət Departamenti, kəşfiyyat və təhlükəsizlik qurumları, siyasi partiyalar, lobbi təşkilatları, müstəqil məhkəmə və media kimi güclü institutlar var. Başqa sözlə, ipə-sapa yatmaz Trampı nəzarətdə saxlaya biləcək demokratik və hüquqi sistem mövcuddur. Üstəlik bura Trampın öz komandasını da daxil etmək olar. Çünki bu komanda yüksək səviyyəlidir. Məncə, 4-5 aydan sonra Trampın siyasətinin çərçivələri bəlli olacaq. Həmçinin Trampın öz çərçivəsi də bəlli olacaq. Yəni anlayacaq ki, prezident seçilməsi ilə əldə etdiyi hakimiyyətdən gələn gücün sərhədləri haralara qədərdir. Bunu dərk edəcək.

- Qəribədir ki, prezident Tramp Rusiyalı həmkarı Putinlə telefon danışığından sonra Moskvanın himayə etdiyi Donbas separatçıları ilə Ukrayna hərbi qüvvələri arasında müharibə başladı. Sizcə, bu hərbi qarşıdurmanın Tramp-Putin telefon danışığı ilə əlaqəsi varmı?
- Burada daha çox iki versiya var. Birinci versiya odur ki, Putin Donald Trampı sınağa çəkir. İkinci versiya isə ondan ibarətdir ki, Ukrayna hakimiyyəti və onun arxasında duran beynəlxalq güclər Ukrayna böhranını yenidən alovlandırmaqla Putin-Tramp yaxınlaşmasına mane olmaq istəyirlər. Bu tip məsələlərdə konkret informasiya olmadan versiyalar səsləndirmək qeyri-ciddilik olardı. Lakin fakt odur ki, həqiqətən də Ukrayna böhranı yenidən alovlanıb, bu hərbi qarşıdurma fazasına keçib, hər iki tərəfdən itkilər var. Proses onu göstərir ki, bu münasibətlər sadə və birxətli deyil. Bu günlərdə xarici jurnalla tanış oldum. Tramp administrasiyasına dayanaraq jurnal yazır ki, ABŞ administrasiyası çalışır ki, Rusiya-İran münasibətlərini pozsun. Yəni Rusiya İranı dəstəkləməkdən imtina etsin. Eləcə də Bəşər Əsəd rejimini. Əlavə edilir ki, ABŞ-ın yeni administrasiyasında Rusiya ilə bağlı illüziyalar yoxdur. Belə çıxır ki, Rusiya İran və Əsədi dəstəkləməkdə davam edəcəksə, deməli Vaşinqton-Moskva danışıqları baş tutmayacaq. Burada görünən odur ki, İran məsələsi münasibətlərin aydınlaşmasında əsas həlledici faktorlardan biri olacaq. İkincisi, Ukrayna məsələsi olacaq. Üçüncüsü isə Çin məsələsi. Azərbaycan cəmiyyəti əsasən, Ukrayna və İran məsələsi, bu ətrafda baş verən prosesləri izləməlidir. Çünki ABŞ-Rusiya münasibətlərinin aydınlaşması əsasən bu məsələlərdən asılı olacaq. Qeyd edim ki, İran məsələsinə bu ölkənin yaxın və Orta Şərqə olan aktivliyi, Suriya fəaliyyəti də daxildir. Digər bir maraqlı məqam NATO ilə bağlıdır. Bu ayın 15-16-da NATO müdafiə nazirlərinin toplantısı olacaq. Həmin toplantıda Qara dəniz flotilyasının yaradılması haqda qərar qəbul edilməlidir. Hesab edirəm ki, bu,ABŞ-Rusiya, Türkiyə-Rusiya münasibətlərinə təsir edəcək prosesdir.

- Ukrayna faktiki Donbasda separatçılar və onun arxasında duran Rusiya ilə müharibə aparır. Hansı nəticəni gözləyirsiniz?
- İndi ciddi qlobal və regional proseslər gedir. Burada Tramp administrasiyası ilə Rusiyanın maraqları üst-üstə düşür. Məsələn, Putinin ən çox istədiyi odur ki, yeni liberal dünya düzəninin əsas institutları dağılsın. Söhbət NATO, Trans Atlantik Ticarət Anlaşmasından, Avropa Birliyi kimi nəhəng layihələrdən gedir. Trampın bu istiqamətdə addımları Putini sevindirən addımlardır. Ancaq bu qurumların qalmasını istəyən maraqlı güclər də var. Bu güclər ABŞ daxilində, Avropada, dünyanı idarə edən üçtərəfli komissiyadakı beynəlxalq qlobal güclərdir. Qeyd edim ki, üçtərəfli komissiya, beynəlxalq qlobal güclər də Trampın Rusiya ilə münasibətlərinə bir sədd çəkəcəklər. Trampa qarşı bir çox ölkələrin, o cümlədən Avropa ölkələrinin kəşfiyyatları çox ciddi iş aparacaq. Xüsusilə də ABŞ-ın kəşfiyyat qurumları. Yəni Trampın Rusiya ilə yaxınlaşmaq istəyi elə də asan məsələ deyil. Ona görə də bir sıra Avropa dövlətləri, qlobal güclər Ukraynada böhranın yenidən alovlanmasında maraqlı olacaqlar.

CAVAD


Müəllif:

Oxşar xəbərlər