Bu gün Azərbaycan Silahlı Qüvvələrinin giziri, Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Teleqraf.com xəbər verir ki, Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini başa vurub və hərbi xidmətə çağrılıb.
Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib və 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət “İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Az sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
18 iyun 2010-cu il tarixində saat 23:30-da gizir M.İbrahimov Tərtər rayonunun Çaylı kəndi istiqamətində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan ordusunun çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Prezident İlham Əliyevin 22 iyul 2010-cu ildə imzaladığı sərəncamla gizir M.İbrahimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şəhir gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin imzaladığı digər sərəncamla M.İbrahimovun xatirəsi əbədiləşdirilib. Nazirlər Kabinetinə Biləsuvar rayonunun orta məktəblərindən birinə, Biləsuvar Rayon İcra Hakimiyyətinə isə Biləsuvar rayonunda keçələrdən birinə M.İbrahimovun adının verilməsini təmin etmək tapşırılıb.
M.İbrahimovun həlak olmasına baxmayaraq, Ermənistan tərəfi onun cəsədini 141 gün saxlayıb. Ermənilər şəhidin cəsədinin şəkillərini internet saytlarında yayımlayıblar.
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, M.İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Ermənistan tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb və nitq söyləyib. Şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.
Səxavət