Ağ Evin sözçüsü Şon Spayser jurnalistlərə açıqlamasında İranın dini lideri Əli Xamneyinin Amerikaya və onun yeni prezidenti Donald Trampa qarşı səsləndirdiyi bəyanatına kəskin reaksiya verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibinin reaksiyası Xamneyinin çıxışından bir neçə saat sonraya təsadüf edib.
Şon Spayser bildirib ki, əgər İran Amerikada əvvəlki vəziyyətin dəyişdiyini, yeni prezidentin gəldiyini başa düşmək istəmirsə, demək ki, özünü məsxərəyə qoyub: “İran ayətullahları, o cümlədən də onun lideri Amerikada yeni prezidentin iş başına gəldiyini anlayacaqlar. Amerikanın yeni prezidenti İranın nüvə sazişi ilə bağlı qanun pozuntularına və digər təxribatçı əməllərinə laqeyd yanaşmayacaq, ona göz yummayacaq. Yeni prezident gərəkən uyğun addımları atacaq.
Prezident Donald Tramp dəfələrlə bildirib ki, atacağı addımları əvvəlcədən açıqlamayacaq. O bildirib ki, İranla bağlı heç bir seçim və ya variantı masa üzərindən kənara qoymayıb”.
Xatırladaq ki, fevralın 7-də İran ordusunun hava qüvvələrinin komandirləri ilə görüşən Xamneyi Amerikanın yeni seçilmiş prezidenti Donald Trampdan və onun ölkəyə qarşı təhdid və təzyiqindən danışıb. Xamneyi bildirib ki, İran xalqı islam inqilabının ildönümü günündə, yəni fevralın 10-da keçiriləcək yürüşə qatılmaqla Trampın təhdidlərinin cavabını verəcək.
Samir