Donald Tramp ABŞ prezidenti kimi səlahiyyətlərinin icrasına başladıqdan sonra İran-ABŞ münasibətlərinin pisləşməsi müşahidə olunur. Bu özünü həm D.Trampın terrora qarşı mübarizə çərçivəsində 7 müsəlman ölkəsindən olan vətəndaşların, o cümlədən İran vətəndaşlarının ABŞ-a girişini qadağan etməsində, həm də ikitərəfli münasibətlərdə göstərir.
Bəs, ABŞ-İran münasibətləri haradək pisləşə bilər?
Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Araz Aslanlı bildirib ki, nə Tramp hakimiyyəti, nə ondan əvvəlki Obama hakimiyyəti, nə də onlardan da əvvəlki Buş hakimiyyəti birbaşa, mütləq şəkildə İranla bağlı siyasəti formalaşdırmaq iradəsinə, imkanına malik olmayıblar: “Bu, çox dərin, çoxşaxəli mövzudur. Bunun səbəbləri, bu münasibətlərə təsir edən kənar amillər olub. Məsələyə bunların hamısını nəzərə alaraq yanaşmaq istəyirəm. Biz bilirik ki, Trampın hakimiyyətə gəldiyi qədərki dövrdə ABŞ İranla, xüsusən İranın nüvə proqramı ilə bağlı siyasəti yumşalma mərhələsində idi. Yəni, uzunmüddətli gərginlik mərhələsindən sonra yumşalma mərhələsində keçilmişdi. Bu yumşalma mərhələsinə keçilməsində də başqa amillər rol oynamışdı. Bu yumşalma sadəcə, İranla ABŞ arasında əldə olunan nüvə razılaşmasına görə deyildi. Başqa bir sıra məqamlar buna təsir etmişdi. Yaxın Şərqdə, Şərqi Avropada Rusiya ilə Qərb arasında yaşanan gərginlik, enerji qiymətlərinin həddən artıq qalxması və sair. Bütün bunların fonunda Həsən Ruhaninin prezidentliyi dövründə İranın nüvə proqramı ilə də bağlı ümumi razılığa gəlmişdilər və müəyyən bir irəliləyiş var idi. İranda hakimiyyətin dəyişilməsi ilə ABŞ-İran münasibətləri yumşalma dövrünə qədəm qoydu, yumşalma dövrünə girəndən sonra ABŞ-da hakimiyyət dəyişdi. Yenidən gərginlik əlamətləri ortaya çıxdı”.
A.Aslanlı qeyd edib ki, bu gərginlik səbəblərinin ortaya çıxmasında hər iki tərəfi nəzərə almaq lazımdır: “İranın orta mənzilli raket sınaqlarına başlaması, yəni təcriddən xilas olmağa çalışan İranın daha iddialı davranmağa başlaması burda rol oynadı. Eyni zamanda Trampın hakimiyyəti ilə başlayan klassik respublikaçı siyasəti də öz sözünü dedi. Yəqin ki, xatırlayarsız, əvvəlki dövrlərdə də, yəni respublikaçıların dövründə İranla bağlı siyasət daha gərgin xarakterə malik olub. Yəni, həm İranın atdığı müəyyən addımlar, həm də Trampla birgə başlayan respublikaçıların hakimiyyəti onu göstərir ki, müəyyən gərginlik olacaq. Bir də ümumiyyətlə, Trampın xarici siyasət anlayışından və onun ümumiyyətlə xarakterindən, idarəetmə, açıqlamalar və sairdən qaynaqlanan məqamları bura əlavə etmək olar. Yəni, Tramp hakimiyyəti dövründə istənilən ölkə ilə münasibətlərdə gərginlik mümkündür. Bütün ölkələrlə münasibətlərdə qeyri-stabil xəttin yürüdülməsi ehtimalı var. Bu, İranla bağlı da olacaq. Bu o demək deyil ki, İranla ABŞ həmişə dava edəcək. Bəlkə də bu hansısa məqamda rasional yanaşma formasında özünü göstərəcək. Tramp hakimiyyəti üçün xarakterik olan qeyri-sabitlik və gərginlik kimi məqamları nəzərə almaq lazımdır. Eyni zamanda respublikaçılardan qaynaqlanan məqamlar, – hansı ki, adətən İsrail və neft şirkətləri ilə daha yaxın olurlar, eyni zamanda İranla münasibətlərdə daha gərginləşdirici mövqe tuturlar, - diqqətə alınmalıdır ”.
Politoloq qeyd edib ki, İranın mövqeyi, sanksiyaların zəifləməsindən sonra özünü daha güclü hiss edib iddialı addımlar atmağa başlaması da ABŞ-İran münasibətlərinin gərginləşməsində rol oynayıb.
Səxavət HƏMİD