Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendumun mahnısı bəlli olub.
Teleqraf.com xəbər verir ki, mahnı bu gün ilk dəfə təbii qaz saxlama anbarının açılışında - Aksarayda baş nazir Binəli Yıldırım və prezident Rəcəb Tayyib Ərdoğan platformaya çıxarkən səsləndirilib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının təklifi ilə 18 maddədən ibarət Konstitusiya dəyişikliyinin nəzərdə tutulduğu qanun layihəsi ölkə parlamentində təsdiq olunub. Yeni qanunda yalnız iki dəfə dalbadal seçilmək hüququ alan ölkə prezidentinin, o cümlədən, Türkiyə Böyük Millət Məclisinin hər dəfə üçün fəaliyyət müddəti 5 il olacaq, parlamentdəki deputatların sayı 600 nəfərə çatacaq. Həmçinin millət vəkili seçilmək üçün aşağı yaş həddi 18-ə endiriləcək, dövlət başçısı statusu ilə fəaliyyət göstərəcək prezident mənsub olduğu partiyanın üzvü olmaqda davam edəcək, vitse-prezidentlər parlament qarşısında and içəcək, prezident Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı olacaq, parlament deputatların beşdə üçünün səsi ilə ölkədə növbədənkənar seçkilər barədə qərar qəbul edə biləcək, 2019-cu il noyabrın 3-də ölkədə prezident və parlament seçkiləri keçiriləcək və s. kimi idarəetmə sistemində mühüm dəyişikliklər əksini tapıb.
Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi Konstitusiya dəyişikliyi qanunu referendum yolu ilə qüvvəyə minəcək.