Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türkiyədə keçiriləcək referendumun əleyhinə olan şəxslərin partiyadan uzaqlaşdırılmasını istəyir.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Sözcü” qəzeti yayıb. Qəzet Baxçalının əmri ilə MHP-nin Mərkəzi İntizam Heyətinin toplanacağını bildirib.
Heyət üç deputatın referenduma yox dedikləri üçün partiyadan uzaqlaşdırılması haqqında qərar qəbul edəcək. Partiyadan uzaqlaşdırılması nəzərdə tutulan deputatlar Yusif Halaçoğlu, İsmayıl Ok və Nuri Okutandır.
Qeyd edək ki, son günlər MHP daxilində böhran güclənib. Partiyanın rəhbər heyətinin böyük qismi ölkənin idarəetmə üsulunun dəyişdirilməsini istəmir. MHP-nin keçmiş üzvlərindən olan məşhur siyasətçi Sinan Oğan isə konstitusiya dəyişiklikləri baş tutacağı halda partiyanın yox olacağını bildirib.
MHP artıq daxilindəki böhrana görə 3 məşhur üzvünü partiyadan kənarlaşdırıb. Bunlar Sinan Oğan, Meral Akşener və Ümid Özdağdır.
Partiyadan hazırda uzaqlaşdırılması nəzərdə tutulan Yusuf Halaçoğlu məşhur tarixçidir. O, uzun illər Türk Tarix Qurumuna rəhbərlik edib. Halaçoğlu həmçinin qondarma erməni soyqırımı ilə bağlı geniş araşdırmaların müəllifidir.