Ötən gün İŞİD terror təşkilatı tərəfindən Sind əyalətinin Sehvan şəhərindəki ziyarətgahda törədilən terror aktından sonra Pakistan və Əfqanıstan arasında gərginlik davam edir.
83 nəfərin ölümü, 343 nəfərin yaralanması ilə nəticələnən hadisədən sonra Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general Asif Kafur ölkədə olan əfqan diplomatları ilə görüşərək, Əfqanıstanda həbsdə olan "Taliban" terror təşkilatının 76 silahlısının ekstradisiyasını tələb edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu gün isə Pakistan ərazisindən Əfqanıstanın Nanqarhar sərhəd vilayətinə 200 raket atılıb. Bununla bağlı vilayətin qubernatorunun müşaviri Ataullah Xoqyani məlumat verib.
Onun sözlərinə görə, gecə boyu davam edən bombardman zamanı 2 uşaq yaralanıb, 100-dən çox ailə təhlükəsiz bölgəyə köçürülüb.
Bundan başqa, dünən axşam saatlarında Pakistan və Əfqanıstan arasındakı "Torkham" sərhəd qapısı bağlanıb. Əfqanıstan prezidentinin müşaviri Şah Huseyn Mortazavi verdiyi açıqlamada sərhəd qapısının bağlanmasının terrorçuluqla mübarizəyə kömək göstərməyəcəyini deyib: "Biz Pakistandakı terror aktına görə çox məyusuq. Ancaq sərhəd qapısını bağlamaq heç bir ölkə üçün müsbət nəticələnməyəcək".
Mortazavi Pakistandan tərəfindən gecə boyu davam edən hücumların dərhal dayandırılmasını tələb edib.
Samir