Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İran xarici işlər nazirinin Asiya və Sakit Okean üzrə müavini İbrahim Rəhimpur tərəfindən nazirliyə çağırılan Türkiyə səfirinə bu ölkə rəsmilərinin son günlər İranın bölgədəki rolu ilə bağlı səsləndirdiyi bəyanatlarına etiraz bildirilib. Türkiyə səfiri İranın məsələ ilə bağlı etirazını rəsmi Ankaraya çatdıracağına söz verib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 13-də körfəz ölkələrinə, o cümlədən də Bəhreynə səfərində etdiyi çıxışında İranın İraqda və Suriyada fars millətçiliyini yaymağa cəhdindən danışıb: “Biz Suriyanın və İraqın parçalanmasını istəmirik. Lakin bilin ki, həm Suriyanı, həm İraqı parçalanmaq istəyən qüvvələr var. Həmin qüvvələr, İraqda məzhəb savaşı ilə yanaşı etnik savaşı da qızışdırırlar. Onlar həmin ölkədə fars millətçiliyinə rəvac verərək bununla da İraqı parçalamaq istəyirlər. Bunun isə qarşısı alınmalıdır”.
Fevralın 19-da Almaniyanın Münhen şəhərində keçirilən 53-cü Təhlükəsizlik Konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranı bölgədə şiəçiliyi və dini sektaçılığı yaymaqda günahlandırıb: “Təəssüflər olsun ki, İranın bölgədə yürütdüyü siyasət körfəz ətrafında olan bir çox region ölkələrinin, o cümlədən də Səudiyyə Ərəbistanı ilə Bəhreynin sabitliyini pozur. İran İraqı və Suriyanı iki şiə ölkəsinə çevirməyə çalışır. Bu isə çox təhlükəlidir. Elə buna görə də hesab edirəm ki, biz regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması üçün İranı bu ambissiyalarından əl çəkməyə təşviq etməliyik”.
İran Xarici şlər Nazirliyinin sözçüsü Bəhram Qasimi, fevralın 19-da jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Münhen iclasındakı çıxışında İranla bağlı səsləndirdiyi həmin bəyanatına reaksiya verib.
O bildirib ki, Çavuşoğlunun səsləndirdiyi fikirlər “qeyri-konstruktiv”dir: “İmperatorluğa qayıtmaq xülyasında yaşayanlar, öz qanunsuz müdaxiləçi tədbirləri ilə terrorçu qruplara dəstk verməklə bölgədə qan axıdılmasına, sabitliyin pozulmasına və çaxnaşmanın artmasına səbəb olanlar etdikləri bu əməllərin məsuliyyətindən boyun qaçıra bilməzlər. Onlar bilməlidir ki, bölgədə təhlükəsizliyin və sabitliyin pozulmasında əsas günahkar onların özü və bəzi sərsəm ölkələrdir. Elə buna görə də onlar başqalarına damğa vurmaqla özlərinin yaratdığı bu burulğandan qurtara bilməyəcəklər”.
Samir