ABŞ Prezidenti Donald Tramp vergi islahatları həyata keçirərsə, neftin qlobal əmtəə bazarlarında qiyməti yüksək qalacaq.
Teleqraf.com “Report”a istinadən xəbər verir ki, buna səbəb kimi vergi islahatları proqramı çərçivəsində ABŞ-ın büdcə kəsirinin artması göstərilir. Büdcə kəsirinin artması ABŞ hökümətini qiymətli kağızların yerləşdirilməsi yolu ilə maliyyələşdirmənin artırılmasına gətirib çıxaracaq.
Ümumiyyətlə, son illərdə maliyyə böhranı və əmtəə qiymətlərinin kəskin azalması bir sıra dövlətin ABŞ qiymətli kağızlarını sataraq öz daxili maliyyə problemlərini həll etməsinə yönəltməsi ilə nəticələnib. Bu ölkələr sırasına Çin, Yaponiya, Rusiya kimi ölkələr aiddir. ABŞ öz büdcə kəsirini neft ölkələrinin vəsaiti hesabına maliyyələşdirdiyindən neftin qiymətinin artmasına ehtiyacı var.
Qeyd edək ki, 2016-ci ilin sentyabr ayının yekununda ABŞ istiqrazlarının hökümət və mərkəzi banklar tərəfindən satışı 1978-ci ildən indiyədək ən maksimal həddə çatıb və 47,1 mlrd. dollar təşkil edib. 2015-ci ilin oktyabrın 1-dən 2016-cı ilin analoji dövrünə qədər ABŞ istiqrazlarının satışı 200 mlrd. dollara bərabər olub və hökümət və mərkəzi bankların məcmu portfeli 3,9 trln. dollara enib. Ötən il oktyabrın 1-də başa çatan maliyyə ilində ABŞ-ın büdcə kəsiri 587 mlrd. dollara çatıb.
ABŞ hökümətinin qarşısında 2 seçim var. Əgər vergi islahatları həyata keçirilərsə, o zaman ya dollar çap edərək büdcə kəsiri maliyyələşdirilməli, ya da qlobal iqtisadi konyunktura düzəldilərək neftin qiymətinin artırılması və istiqraz satışı ilə kəsir maliyyələşdirilməlidir. İlk variant mümkün görünmür, çünki bu halda inflyasiya sürətlənər, maliyyə bazarları kəskin qiymət artımı ilə qarşılaşar ki, daha sonra inanılmaz maliyyə böhranı yaranar. Digər bir yol isə vergi islahatlarından vaz keçilməsidir.