Bu il yenə də Ana Dili Günü ərəfəsində İranda vəziyyət gərginləşdi. Belə ki, Xuzistan əyalətində ərəb milli azlığı ilə İnqilab Keşikçiləri Korpusu – SEPAH arasında qarşıdurma baş verdi. Ümumiyyətlə, son vaxtlar İranla bağlı beynəlxalq aləmdə vəziyyətin gərginləşməsi müşahidə olunur. Bəs, proseslər haradək gərginləşə bilər? İran ətrafındakı durum nə cür qiymətləndirilir? Bu və digər suallarımıza cavab tapmaq üçün politoloq Qabil Hüseynliyə müraciət etdik.
Politoloq bildirdi ki, İran konstitusiyasının 13-cü maddəsi ölkədə yaşayan milli azlıqların hamısına öz dillərində danışmaq, öz dilində məktəbə və mədəniyyət müəssisəsinə malik olmaq hüququ verir: “Amma uzun illərdir ki, konstitusiyanın bu müddəası yerinə yetirilmir. Düzdür, son bir ildə bu istiqamətdə müəyyən addımların atılmasına başlanılıb və bəzi milli azlıqlara öz dillərində məktəblər açmağa icazə verirlər. Onu da deyim ki, İranda cəmi 120 min erməninin yaşamasına baxmayaraq, onların məktəbləri, öz universitetləri çoxdan var. Son bir ildə bəzi milli azlıqlara öz dillərində məktəb açmaq hüququ veriblər. Amma hələlik bundan yararlanan kürdlərdir. Kürdlər dövlətin icazəsindən dərhal sonra kitablarının çapına, məktəblərin açılmasına başlayıblar. Öz uşaqlarını öz dillərində oxumağa vadar edirlər. Azərbaycanlılar ölkədə ən böyük etnik qrupdur. Amma nə Təbrizdə, nə də azərbaycanlıların yaşadıqları digər yerlərdə hələ ki, milli məktəblər açılmayıb. Dövlət belə bir təbliğat aparır ki, guya azərbaycanlılar öz uşaqlarını Azərbaycan dilində oxutmaq istəmirlər. Belə riyakar şüarlardan istifadə edərək milləti milli dildə təhsil sisteminin yaradılmasından uzaqlaşdırmağa çalışırlar”.
Q.Hüseynli qeyd edib ki, ərəblərin yaşadığı Xuzistan əyaləti həm də nefti və qazı ilə məşhurdur: “Burda təxminən 5 milyona yaxın ərəb yaşayır. Etirazlar əvəllcə işığın və qazın vaxtlı-vaxtında verilməməsi ilə əlaqədar olaraq başlamışdı və daha çox sosial-iqtisadi xarakter daşıyırdı. Amma belə görünür ki, sosial tələblər artaraq daha çox siyasi çalarlar kəsb etməyə başlayıb. İndi də ana dilində məktəblər tələb etməyə başlayıblar. Bəzi ekspertlər hesab edirlər ki, ərəblərin ayağa qalxmasına xarici xüsusi xidmət orqanlarının təsiri var. Çünki Amerika İranın ətrafında Səuddiyə Ərəbistanı, Qətər, Küveyt, Misir və başqa dövlətlərdən ibarət xüsusi həlqə yaratmağa və İranı blokadaya almağa çalışır. Xuzistan əyalətindəki ərəblərin çıxışı da ola bilsin, kənardan təsirlərin nəticəsində baş verə bilər. Amma hər halda bu vilayətdə dəfələrlə ərəblərin çıxışları olub və hətta mərkəzi hakimiyyətin yürütdüyü siyasətdən narazılığını ifadə edən üsyanlara çevrilib. Mərkəzi hakimiyyət bu narazılıqların qarşısını vaxtında almasa, gələcəkdə hadisələrin miqyası daha da böyüyə bilər”.
Q.Hüseynli qeyd edib ki, İran ətrafında formalaşan mühit, cərəyan edən hadisələr çox təhlükəlidir: “Məsələn, Amerika özünün xüsusi təyyarədaşıyan gəmilərindən birini artıq Hörmüz boğazından keçirərək Fars körfəsinə yeridib. Əvvəlki illərdən fərqli olaraq gəmiyə əmr verilib ki, İranın sürətli katerləri gəmiyə çox yaxınlaşsa, həmin katerlərə atəş açılsın. Əvvəllər atəş açılmayıb, sadəcə onlar xəbərdarlıq edilərək geriyə qaytarılıb. Amma bu dəfə həmin təyyarədaşıyan gəmilərə qarşı təxribatlar olarsa, onlara silahlı müqavimət göstəriləcək. Digər tərəfdən, Amerika digər gəmilərini də bu bölgəyə göndərmək niyyətindədir. Amma mətbuatın yazdığına inansaq, Amerika hələ ki, İranda etnik faktorlardan daha geniş yararlanmağa çalışır və bu məqsədlə müxtəlif etnik qrupların liderlərini əla almağa, onları ölkədə qarışıqlıq yaratmağa, yönləndirməyə cəhd edir”.
Politoloq bildirib ki, İranın Türkiyə ilə münasibətlərinin kəskinləşməsi Tehranın bölgədə yürütdüyü siyasətlə bağlıdır: “Zənnimcə, Mövlud Çavuşoğlunun istifadə etdiyi ehtiyatsız bir ifadə İranla Türkiyə arasındakı münasibətlərin gərginləşməsinə səbəb oldu. Çavuşoğlu bildirmişdi ki, İran bölgəni şiələşdirmək xətti yürüdür. Bu da İranın çox ciddi qəzəbinə səbəb olmuşdu və İranın nümayəndəsi bildirmişdi ki, bölgədə sabitliyi pozan əsas qüvvə Türkiyədir”.
Səudiyyə Ərəbistanının ABŞ-la ciddi münasibətlər qurduğunu qeyd edən Q.Hüseynli onların İrana qarşı böyük bir koalisiya formalaşdırmaq niyyətində olduğunu söyləyib: “Bu məsələdə detonator rolunu İsrail oynayır. İsrail iddia edir ki, guya İran nüvə silahı yaratmaqla məşğuldur, ballistik raketlərin buraxılması da bunun bir göstəricisidir. Beləliklə, bir növ ərəb dövlətlərini İranın üzərinə yönləndirməyə çalışırlar. Zənnimcə, hadisələr kifayət qədər ciddi xarakter almaqdadır. Çünki bu prosesə Səudiyyə Ərəbistanı ciddi surətdə qoşulub. İranın bölgədə bir sıra qüvvələri, məsələn ABŞ-ın terrorçu adlandırdığı “Hizbullah”, “Ceyşullah”, HƏMAS və digər bu kimi qruplaşmaları müdafiə etməsi İsraili və ərəb ölkələrinin bir çoxunu ciddi surətdə narahat etməkdədir. Mənə belə gəlir ki, İranın Suriyaya qoşun yeritməsi və orada fəal yerüstü əməliyyatlarda iştirak etməsi, hətta hərbi-hava qüvvələrindən də istifadə etməsi ümumiyyətlə, bölgədə çox böyük narahatlıq yaradıb. Hazırda İsrailin dediyi kimi, İranı öz yerində oturtmağın vaxtı gəlib çatıb və bu məqsədlə də hazırda Amerikanın təşəbbüsü ilə İrana qarşı ərəb dövlətlərindən ibarət koalisiyanın formalaşdırılması prosesi gedir və hadisələr təhlükəli qarşıdurma zəmininə yönəlir. Amma ümid edək ki, 35 milyon soydaşımızın yaşadığı qonşu İran hadisələrin dinc yolla, sülh yolu ilə həll edilməsi istiqamətində səylər göstərəcək və onun üzərinə yönəlmiş təhlükəni sovuşduracaq”.
Səxavət HƏMİD