Fevralın 13-də Şimali Koreya lideri Kim Çen Inın ata bir, ana ayrı qardaşı Kim Çen Nam Malayziyanın paytaxtı Kuala-Lumpurda aeroportda olarkən özünü pis hiss edib. O, kömək çağırmağa və ətrafdakı insanlara tanımadığı şəxslərin qəfildən onun üzünə maye tökdüklərini və yoxa çıxdıqlarını deməyə müvəffəq olub. Təxminən 15-20 dəqiqədən sonra Kim Çen Nam dünyasını dəyişib. Ölüm faktı ilə bağlı 4 nəfər saxlanılıb. Bunlar Vyetnam, İndoneziya, Malayziya və Şimali Koreya vətəndaşlarıdır. Şübhəli bilinən daha 4 Şimali Koreya vətəndaşı insidentin baş verdiyi gün Kuala-Lumpuru tərk etməyi bacarıb.
Fevralın 16-da Malayziyanın baş naziri Əhməd Zahid Hamidi Kim Çen Namın Kuala-Lumpur aeroportunda ölümcül zəhərləndiyini və vəfat etdiyini təsdiqlədi. Baş nazir onun cəsədinin Koreya Xalq Demokratik Respublikası (KXDR) səfirliyinə təhvil verildiyini də açıqladı.
Qeyd edək ki, Şimali Koreya liderinin bundan əvvəl də müxtəlif qohumlarının, o cümlədən öz həyat yoldaşının qətlində ittiham olunmasına dair məlumatlar açıqlanıb. Ümumiyyətlə, Kim Çen In dünya mediasının gündəminə həm də qohumlarına qəddar münasibəti ilə gündəmə gəlib.
TASS Kim ailəsinin ən tanınmış üzvləri ilə bağlı yazı hazırlayıb. Yazıda ali liderin həyat yoldaşından tutmuş babasının qardaşınadək müxtəlif insanlardan bəhs olunur. Teleqraf.com sözügedən yazını təqdim edir.
Kim Yon Çju (sağdan birinci)
Kim ailəsinin qocaman nümayəndəsi Kim Yon Çju Şimali Koreya liderinin babası, KXDR-in qurucusu Kim İr Senin kiçik qardaşıdır. Yapon işğalı vaxtı Koreya yarımadasında doğulmuş, Moskva Dövlət Universitetini bitirmiş 97 yaşlı siyasətçi 2009-cu ildə Koreya Ali Xalq Yığıncağının (parlament) Rəyasət Heyətinin fəxri sədri təyin olunub.
Ko Yon Xi
Kim Çen Inın anası Ko Yon Xi 2004-cü ildə Parisdə döş xərçəngindən vəfat edib. Ali rəhbərin anası Osakada koreyalı atanın və yapon ananın ailəsində dünyaya gəlib. Sosial statusu ona Kim Çen İrin rəsmi arvadı olmağa imkan verməyib. Ali rəhbərin atasının ölümündən sonra onun əsl adının səsləndirilməsi yasaqlanıb. O, ölkədə “Pxenyanın anası”, yaxud “Böyük ana” adı ilə məşhurdur.
Son Xe Rim
Son Xe Rim şimali koreyalı aktrisa və Kim Çen İrin daha bir qeyri-rəsmi arvadıdır. Həmçinin Kim Çen Namın anasıdır. O, ölkəni Kim Çer İrin növbəti dəfə nikaha girməsindən sonra tərk edib və 2002-ci ildə Moskvada vəfat edib. Troekurovski məzarlığında dəfn olunub.
Kim Çen Nam
Kim Çen Nam Son Xe Rimin oğludur və Kim Çen Inın ata bir, ana ayrı qardaşıdır. Bu ilin fevralında Malayziya paytaxtında ölümcül zəhərlənib, daha sonra dünyasını dəyişib. O, 1971-ci ildə Pxenyanda dünyaya gəlib. Bir vaxtlar ona KXDR lideri Kim Çen İrin potensial varis kimi baxılırdı. Ancaq onun ailəsi ilə birgə yapon “Disneylend”inə səfər etmək cəhdi ətrafında yaranmış qalmaqal Pxenyanda Kim Çen Namın siyasi karyerasının üzərindən xətt çəkilməsinə gətirib çıxardı. Kim Çen Nam 2003-cü ildən Makao və Şanxayda yaşamağa başlayıb, 2012-ci ildə isə həyatına olan təhlükədən qorxaraq Sinqapura köçüb. Bir çox KİV-in yazdığına görə, ona qarşı sui-qəsdi KXDR xüsusi xidmət orqanları hazırlayıb.
Kim Pxyon İl
Kim Pxyon İl – Kim Çen İrin ata bir, ana ayrı qardaşı və Kim İr Senin kiçik oğlu. Hal-hazırda 62 yaşlı diplomat KXDR-in Çexiyadakı səfiridir. Kim Çen Inın hakimiyyətə gəldiyi dövrdə qısa müddət Pxenyanda ev dustağı olub. Kim Pxyon İl qardaşı Kim Çen İrin sərəncamı ilə daimi ezamiyyətə göndərilib və 1979-cu ildən KXDR-in Çexiyadakı diplomatik missiyasına başçılıq edir.
Kim Yon Suk və Kim Sul Son
1947-ci ildə doğulmuş Kim Yon Suk Kim İr Senin yeganə rəsmi arvadıdır. Ancaq bir çox KİV KXDR-dəki mənbələrə istinadən iddia edir ki, keçmiş lider ona dəruni hisslər bəsləməyib.
Kim Yon Sukun 42 yaşlı qızı və Kim Çen Inın ata bir, ana ayrı bacısı Kim Sul Son 2005-ci ildə Parisə gedib və burda ali təhsil alıb. Maraqlıdır ki, hər iki qadının Şimali Koreya mənbələrində və internetdə açıq giriş imkanları olan yerlərdə fotoları yoxdur. Təsdiq olunmamış məlumata görə, ana və qızı sağdır.
Kim Ok
Ali rəhbərin şəxsi katibəsi Kim Ok 2007-ci ildə Kim Çen İrin arvadı olur. 2013-cü ilədək Koreya Əmək Partiyasının funksioneri olan Kim Ok həmin il Kim Çen In tərəfindən bütün dövlət vəzifələrindən azad edilib və əmək düşərgəsinə göndərilib.
Kim Qyon Xi
Kim Qyon Xi Kim Çen İrin doğma bacısı və Kim Çen Inın bibisidir. 2013-cü ilədək yüksək vəzifəli məmur və nüfuzlu siyasətçi, Koreya Əmək Partiyasi Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və ordu generalı olub. 1946-cı ildə Pxenyanda doğulub. 1968-ci ildə Moskva Dövlət Universitetinə oxumağa göndərilib. 2013-cü ildə itkin düşüb. Həmin il qardaşı oğlu onu və həyat yoldaşını bütün mühüm vəzifələrdən kənarlaşdırıb. TASS onun diri, yoxsa ölü olmasına dair mötəbər məlumata malik deyil.
Çan Son Txek
Çan Son Txek – Kim Qyon Xinin əri. 2008-ci ilədək Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin təşkilat şöbəsinə rəhbərlik edib. 1946-cı ildə Kandondo əyalətində doğulub. O da arvadı kimi Moskva Dövlət Universitetində təhsil alıb. Kim Çen Inın atası Kim Çer İrlə yaxın olub. Çan Son Txek sabiq lideri Çinə səfər və KXDR-də rəsmi tədbirlər zamanı müşayiət edib. Həyat yoldaşı ilə birgə tutduğu vəzifələrdən azad edilib və 2013-cü ildə dövlətə xəyanət ittihamı ilə edam olunub. Bir neçə təsdiqlənməmiş məlumata görə, Çan Son Txeki zenit topla güllələyiblər.
Kim Çon Çxol
Kim Çon Çxol – KXDR ali rəhbərinin böyük qardaşı. 2009-cu ildə gələcək hakimiyyət başçısı postunu kiçik qardaşına güzəştə gedib. Çin KİV-lərinin məlumatına görə, Çon Çxol ölkədə müəyyənləşdirici siyasi çəkiyə malikdir, həmçinin Çan Son Txekin həbsinə şəxsən rəhbərlik edib.
Kim Yo Çjon
Kim Çen Inın kiçik bacısı. 1996-cı ildən 2000-ci ilədək İsveçrədə doğma qardaşı Kim Çen Inla təlimdə iştirak edib. Avropadan qayıtdıqdan sonra onun qardaşının himayəsi ilə karyera pilləkanında uğurla qalxdığı məlumdur. 2015-ci ildə Kim Çen In bacısını baş təbliğat-təşviqatçı təyin edib.
Li Sol Çju
2009-cu ildən KXDR-in birinci xanımı. Lakin KXDR KİV-ləri Lini ali rəhbərin arvadı kimi yalnız 2012-ci ildən etibarən təqdim etməyə başlayıblar. Li Sol Çjunun doğum tarixi məlum deyil. KİV-lər onun ictimaiyyət arasında görünməsini diqqətlə izləyir. 2016-cı ildə birinci xanımın itkin düşməsi xəbəri yayıldı. Bu xəbər Kim Çen Inın onunla rəsmi tədbirlərdə 7 ay ərzində görünməməsi ilə izah edildi.
Səxavət HƏMİD