1 Mart 2017 11:08
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp ilk dəfə Konqres qarşısında çıxış edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, çıxışı zamanı Tramp bir çox vacib məsələlərə toxunub.

O, ilk növbədə Amerika xalqını birliyə səsləyib: "Biz eyni taleli insanlarıq. Bizim damarlarımızda eyni qan axır, bir bayraq altında birləşmişik və bizi bir Allah yaradıb. Bizə qəlbimizdəki arzuları bölüşmək üçün cəsarət gərəkdir. Biz birləşməli və bir olmalııyıq".

Tramp ABŞ-ın xarici siyasəti ilə bağlı bəzi məqamları da açıqlayıb. O bildirib ki, ABŞ ölkələr arasında yeni dostlar axtaracaq: "Amerika yeni dostlar axtarçağa və yeni əməkdaşlıqlar qurmağa tam hazırdır. Biz bunun üzərində işləyəcəyik".

ABŞ prezidenti çıxışı zamanı ilk dəfə NATO-nu dəstəklədiyini bildirib. Onun sözlərinə görə, ABŞ NATO-nu dəstəkləyir, ancaq alyans üzvləri maliyyə öhdəliklərini yerinə yetirməlidir.

Donald Tramp "Obamacare"nin ləğvi və səhiyyə sahəsində islahatların vacibliyini vurğulayıb. O,
amerikalılara şəxsi tibbi sığortalarını əldə etməyə köməklik göstərilməsini Konqresdən tələb edib. Tramp deyib ki, bunu xüsusi tibbi əmanət hesablarının həcminin genişləndirilməsi və vergi güzəştlərinin köməyi ilə etmək lazımdır.

ABŞ prezidenti dünyanı cənginə alan miqrant böhranının həlli ilə bağlı təklif irəli sürüb. Tramp ABŞ-dakı miqrantları müəyyən keyfiyyət meyarlarına əsasən, kateqoriyalara bölünməsini təklif edib: "Bununla biz terrorçularla miqrantları ayırd edə bilərik. Dünyadakı miqrant böhranını həll etmək çox vacibdir. Bunun üçün miqrantların öz ölkələrinə geri dönməsini və təhlükəsiz yaşamasını təmin etməliyik. Hazırda dünyanın bütün ölkələri terror təhlükəsi ilə üz-üzədir. Bununla mübarizə aparmaq üçün ciddi tədbirlər görmək lazımdır. ABŞ İŞİD terror təşkilatına qarşı mübarizədə müsəlman ölkələri ilə əməkdaşlıq etməyə hazırdır".

Tramp Meksika-ABŞ sərhədində tikiləcək divara da diqqət çəkib. O bildirib ki, divarın tikintisi tezliklə başlanacaq: "Bu divar narkoticarət və cinayətkarlıqla mübarizədə effektli silah olacaq".

Donald Tramp ABŞ-la İsrail arasında yaranmış birliyin sarsılmaz olduğunu deyib: "Mən İranın ballistik raket proqramı dəstəkləyən şəxslərə və təşkilatlara qarşı yeni sanksiyalar tətbiq etdim. Bununla da İsrail ilə birliyimizin sarsılmaz olduğunu təsdiqlədim. Hazırda ABŞ üçün ən böyük təhlükə Rusiya deyil, Şimali Koreyadır. Biz Şimali Koreyanın nüvə potensialından imtina etməsi üçün lazımi addımlar atacağıq".

ABŞ prezidenti miqrasiya fərmanında dəyişikliyi də diqqətə çatdırıb. O bildirib ki, imzalayacağı yeni miqrasiya fərmanı İraq vətəndaşlarına şamil olunmayacaq.

Samir İSAYEV


Müəllif: