İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkə başçılarının toplantısına qatılmaq üçün Pakistana səfər edən İran prezidenti Həsən Ruhani İslamabadda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşərək, iki ölkə arasındakı münasibətlər və regiondakı vəziyyət barədə müzakirələr aparıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ruhani Türkiyə ilə İranın bölgənin iki mühüm ölkəsi olduğunu vurğulayıb.
O, Tehranla Ankara arasındakı əlaqələrin genişləndirilməsini vacib saydığını bildirib:
“İranla Türkiyə arasındakı əlaqələrin hərtərəfli inkişaf etməsi həm iki millətin mənafeyinə, həm də bütün regionda sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək. Bölgədəki mövcud şərait və vəziyyətə gəlincə, İran İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünün qorunub saxlanılmasına israr edir, onların, o cümlədən də Suriya və İraqın ərazi bütövlüyünün pozulmasına müxalifdir. Biz bölgədə gedən savaşı və axılan qanları, eləcə də xarici dövlətlərin regiona müdaxiləsini dayandırmağa çalışmalıyıq”.
Görüş zamanı Ərdoğan iki ölkə arasındakı münasibətlərə toxunaraq, Tehranla Ankara arasındakı iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb: “Türkiyə İranla iqtisadi əlaqələrini genişləndirmək istəyir. Hesab edirəm ki, biz İranla ticarət və iqtisadi sahədəki əməkdaşlığımızı 30 milyard dollara qədər çatdırmalı və bu hədəfi reallaşdırmalıyıq. Biz həmçinin, ölkələrimizin terrorçuluğa qarşı mübarizədə və regional məsələlərin həllində birgə əməkdaşlıq etməsinin tərəfdarıyıq”.
Xatırladaq ki, son günlər iki ölkə rəsmilərinin bir-birinə qarşı səsləndirdiyi bəyanatlar rəsmi Tehranla Ankara arasındakı münasibətlərdə qismən soyuqluq yaratmışdı.
Samir