Şimali İraq Kürd Muxtariyyətinə yaxınlığı ilə tanınan "Rudaw" saytı rus əsgərlərinin Suriyanın şimali-qərbində PKK-nın Suriya qolu sayılan YPG-nin idarəçiliyindəki Afrinə çatdığını göstərən görüntüləri yayıb.
Teleqraf.com xəbər verir ki, Rusiyaya bağlı olan “Sputnik” agentliyi də eyni mənbəyə istinad edərək görüntüləri paylaşıb.
"Reuters" agentliyi isə bir müddət əvvəl Rusiyanın YPG ilə əldə etdiyi razılaşmaya əsasən Afrində hərbi baza quracağını iddia etmişdi. Lakin Rusiya Müdafiə Nazirliyi Suriyada yeni hərbi baza qurmağı planlamadığını, Afrin yaxınlığında kürd gücləri ilə Türkiyənin idarəsində olan Azad Suriya Ordusunun qarşı-qarşıya gəldiyi bölgədə Rusiyanın atəşkəsi izləyən mərkəz tipli şöbə quracağını bildirmişdi.
Lakin "Rudaw" saytının təqdim etdiyi görüntülərdə Rusiyanın Suriyadakı atəşkəsə nəzarət mərkəzindən rus bayraqları ilə hərbi texnikanın Afrinə irəlilədiyi bəlli olur.
Hələlik bununla bağlı Rusiya rəsmi açıqlama verməyib.
Xatırladaq ki, ötən gün YPG rəsmisi Rusiya ilə anlaşma əldə etdiklərini, bunun əsasında rusların Afrində hərbi baza quracağı, YPG silahlılarına hərbi təlimlər keçəcəyini bəyan etmişdi. Ancaq sonradan Rusiya tərəfi YPG ilə razılaşmanın əldə olunduğunu təkzib etmişdi.
İndi bəlli olur ki, Rusiya Suriyadakı YPG ilə əməkdaşlığa gedir. Bu isə Türkiyənin maraqlarına ziddir.
Baxmayaraq ki, son dövrlər Suriya problemi ilə bağlı rus-türk əməkdaşlığı kifayət qədər güclənib. Rusiyanın bu cür addımları isə sözsüz ki, Rusiya-Türkiyə münasibətlərinə hansısa formada mənfi təsir göstərəcək.
Cavad