Belarus Dövlət Təhlükəsizliyi Komitəsi silahlı qiyamın qarşısını alıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, keçirilən əməliyyat zamanı Miroslav Lozovskinin başçılığı ilə "Ağ legion" və Dmitri Daşkeviçin başçılığı ilə "Gənc cəbhə"nin aktivisti olan 26 nəfər saxlanılıb.
Onların yaşadıqları və sənədləri saxladıqları yerlərdə 29 axtarış aparılıb. Nəticədə “Kalaşnikov” avtomatı, 3 karabin, 2 tapança, patronlar, qumbaralar, atma bıçaqlar, baltalar, əldəqayırma partlayıcı qurğuların istehsalı üçün predmet və maddələr, hərbi formalar, güllədeşməz jiletlər, kaskalar, NATO nümunəsinin tibbi dərman qutuları, "Azov" batalyonunun, "Belarus Taktik qrupu"nun və başqalarının müxtəlif rəmzləri, həmçinin şəhərdə döyüş əməliyyatlarının aparılması üzrə dərsliklər götürülüb.
Dövlət Təhlükəsizliyi Komitəsində istisna etməyiblər ki, "Ağ legion" aktivistlərindən götürülmüş silah-sursatdan martın 25-də keçirilməsi gözlənilən küçə aksiyaları zamanı istifadə etmək planlaşdırılırdı.