28 Mart 2017 14:39
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında təbrik məktubu mübadiləsi həyata keçirilib. Bu barədə Teleqraf.com-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

E.Məmmədyarov ABŞ-ın dövlət katibinə ünvanladığı məktubunda ötən 25 il ərzində iki ölkə arasında əlaqələrin xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığımızın inkişafı ilə xarakterizə olunan strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb.

Nazir hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verməklə ABŞ-la enerji məsələləri üzrə yaxından əməkdaşlıq etdiyini bildirib. Bununla yanaşı, iki ölkənin terrorizmə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması üzrə uğurlu əməkdaşlıq etdiyini qeyd edərək, Azərbaycanın ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb.

E.Məmmədyarov Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın ədalətli vasitəçiliyinə etibar etdiyini və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə nizamlanmalı olduğunu bildirib.

ABŞ-ın dövlət katibi Reks Tillerson E.Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin xüsusilə enerji sahəsində Azərbaycanla yaxından əməkdaşlıq etdiyini deyib. O, ABŞ-ın Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsi, iqtisadi imkanlarının artırılması istiqamətində səylərinə dəstək verdiyini bildirib.

Dövlət katibi Azərbaycanın 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-a dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb. O həmçinin ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlı olduğunu qeyd edib.

R.Tillerson dostluq və əməkdaşlığın 25 illiyi münasibətilə Amerika xalqı adından Azərbaycan xalqına təbriklərini çatdırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər