Şotlandiya parlamenti regionun müstəqilliyi haqqında yeni referendumu dəstəkləyib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, parlament beləliklə, Şotlandiyanın birinci naziri Nikola Stercenin ideyasını dəstəkləyib.
Birinci nazirin lideri olduğu Şotlandiya Milli Partiyasının (SNP) deputatları “yaşıllar”ın dəstəyi ilə lazımı səs çoxluğunu toplayıblar. Parlamentin 69 üzvü yeni referendumun keçirilməsi ideyasını dəstəkləyib, 59-u qarşı çıxıb. Deputatlar həmçinin Nikola Stercenin referendumun keçirilməsi üzrə təklif etdiyi qrafiki bəyəniblər: 2018-ci ilin payızından 2019-cu ilin yazına kimi.
Bununla da, Şotlandiya Böyük Britaniya parlamentinə referendumun keçirilməsi haqqında rəsmi sorğunu vermək hüququnu alıb.
Səsvermə martın 22-də keçirilməli idi. Lakin Londonda törədilən terror aktına görə təxirə salınıb.
2014-cü ildə şotlandiyalılar Birləşmiş Krallığın tərkibindən çıxmasına qarşı səs verib. Amma Stercen inandırır ki, “Brexit” vəziyyəti ciddi dəyişdirib, çünki Şotlandiya sakinləri öz taleyini təkrar müəyyən etmək hüququna malikdirlər. O, Britaniyanın Avropa İttifaqından çıxışına qədər referendum keçirməyə söz verib.
Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit”ə qədər Şotlandiyanın müstəqilliyi haqqında referenduma qarşı çıxır.