“Bu gün “əvətin” Türkiyəyə heç bir xeyri yoxdur. Mən belə hesab edirəm. İkincisi, Türkiyədəki referendumun nəticəsini proqnozlaşdırmaq bir qədər doğru deyil. Həm də bu məsələ Türkiyənin daxili işidir. Biz buna hörmətlə yanaşmalıyıq. Seçkinin nəticəsinin necə olacağından asılı olmayaraq, biz bunun millətə və dövlətə uğurlu olmasını arzulayırıq”.
Bunu Teleqraf.com-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Türkiyədə aprelin 16-da keçiriləcək referendumun mümkün nəticələrini şərh edərkən deyib.
Partiya sədri bildirib ki, bununla yanaşı bəzi məqamları demək lazımdır: “İndiki Türkiyə iqtidarı bəzi məsələlərdən öz xeyrinə və seçkinin nəticəsinin istədikləri kimi olması üçün istifadə edir. Xüsusilə, Avropada baş verən halları qeyd etmək olar. Sözsüz ki, biz Avropada mövcud olan anti-türk ab-havasını pisləyirik, bunun əleyhinəyik. Ancaq Türkiyə hakimiyyətinin bundan seçkilədə yararlanmaq üçün atdığı addımların da fərqindəyik. Hər halda bütün bunları həm də ona görə edirlər ki, sanki bütün dünya prezident Ərdoğanın əleyhinədir. Ancaq mən hesab edirəm ki, prezident hakimiyyətinin gücləndirilməsi xeyir gətirməz. Bütün dünyada türk və müsəlman ölkələri icərisində ən demokratiki Türkiyə Cümhuriyyəti idi. Prezident Ərdoğan isə siyasəti ilə bunu ərəb ölkələri ilə bərabər hala gətirir. Biz hesab edirik ki, bu yaxşı bir gələcək deyil”.
Cavad