ABŞ-Rusiya münasibətləri istiləşmək əvəzinə mürəkkəbləşir. Donald Tramp hakimiyyətə gəldikdən sonra bir çox mütəxəssislər hesab edirdi ki, Vaşinqtonla Moskva arasında müşahidə edilən gərgin münasibətlər nisbətən yoluna qoyulacaq. Prezident Tramp da münasibətlərin düzəldilməsinin tərəfdarı kimi çıxış edirdi.
Lakin müşahidələr göstərir ki, əksinə, son dövrlər münasibətlər daha da gərginləşib. Trampın NATO ilə bağlı fikirləri Rusiyada ehtiyac hiss edilən donor qan kimi qəbul olunsa da, az sonra bəlli oldu ki, hərbi ittifaq Rusiya sərhədlərinə yaxın Pribaltikada hərbi kontingentinin sayını artırır, əlavə hərbi hissələr yaradır. Bunun ardınca ABŞ-ın BMT-dəki səfiri Rusiyanı hərbi cinayətdə ittiham etdi. Prezident Putinin qərarı ilə Rusiya hərbi kontingentinin sayının 2 milyon nəfərə çatdırılması nəzərdə tutur. Amerikalı məşhur politoloq Zbiqnev Bjezinski isə bəyan edib ki, artıq Rusiyanı təhlükə kimi görən ölkələrin sayı durmadan artır.
Siyasi təhlilçi Sülhəddin Əkbər Teleqraf.com-a açıqlamasın da deyib ki, ABŞ-Rusiya münasibətlər kəskinləşmə istiqamətində davam edəcək.
O, dünyanın əksər ekspertlərindən fərqli olaraq düşünür ki, Tramp hakimiyyəti dövründə bu iki ölkə arasında münasibətlər daha da sərtləşəcək: “Çünki bunun obyektiv səbəbləri var və həm də bu şəxsiyyətlərdən asılı məsələ də deyil. Diqqət edirsinizsə, ABŞ-da xüsusi xidmət orqanları, senat və nümayəndələr palatasında müzakirələr gedir. Tramp və onun administrasiyası bu qurumların tam nəzarəti altındadır. Rusiya ilə olan bütün münasibətlər də xüsusi nəzarətə alınıb. Bu mənada Tramp və onun komandasının Amerika strategiyasından kənara çıxa biləcəyini düşünmürəm. Bu strategiya Ukrayna böhranından sonra müəyyən edilib və başlıca hədəf Rusiyanı durdurmaqdır. Odur ki, prezident Trampın və ya onun komandasının bu strategiyanın önünə keçə biləcəyini zənn etmirəm. İndi baş verənlər əslində Ukrayna böhranından sonra baş verənlərin məntiqi davamıdır. Münasibətlərdə yeni bir şey baş vermir. Tramp ABŞ dərin hökumətinin təzyiqi altında ənənəvi Amerika strategiyasına qayıdır. Bu strategiya da 2015-ci il fevralın 6-da müəyyən edilib”.
Sülhəddin Əkbərin qənaətincə, ABŞ-Rusiya münasibətlərində birbaşa hərbi qarşıdurma ehtimalı azdır, amma dolayı qarşıdurmalar baş verəcək.