31 Mart 2017 19:28
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Reks Tillersonun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşündə Ankaranın Suriya münaqişəsindən tutmuş, ABŞ-da yaşayan Fethullah Gülenin ekstradisiyasına qədər bir sıra məsələlər müzakirə edilib. Qərb mətbuatı iddia edir ki, bu səfər də Ankara-Vaşinqton arasında mövcud olan narahatlıqları aradan qaldıra bilməyib.

Teleqraf.com-un xəbərinə görə, Türkiyə rəsmiləri bildirirlər ki, Donald Trampın prezident seçilməsinin ardınca Vaşinqtonla münasibətləri təzələməyə çalışan Ankara bu danışıqlardan məyus çıxıb.

NATO müttəfiqini bir-birindən aralı salan əsas məsələlərə - ABŞ-ın YPG-yə dəstəyi, Ankaranın çevriliş cəhdinin arxasında durmaqda ittiham etdiyi Fethullah Gülənin ekstradisiyası və nəhayət, Türkiyənin dövlət banklarından birinin direktor müavininin New York-da həbs edilməsidir. Ancaq dövlət katibi Reks Tillerson Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bu məsələlərə çox zəif reaksiya verib. Çavuşoğlu Ankaranın səbirsizliyini dəfələrlə ifadə etsə də, Tillerson ABŞ-ın Suriya kürdlərinə dəstəyi barədə üç sualdan yayınmağa çalışıb. ABŞ dövlət katibi nəhayət bu məsələnin “çox mürəkkəb seçim” olduğunu deməklə yaxasını qırağa çəkib. Türkiyə isə əslində ABŞ-ın YPG-yə dəstəyini dəfələrlə “xəyanət” adlandırıb.

“Financial Times” iddia edir ki, ABŞ dövlət katibi Reks Tillersonun Ankara səfərinin nəticəsi uğurlu olmayıb və tərəflər narahatlıq doğuran məsələlərdə yekdil mövqeyə gələ bilməyiblər.

“Ayna-Zerkalo”qəzetinin təsisçisi, analitik Elçin Şıxlı mövzu ilə bağlı fikirlərini Teleqraf.com-un əməkdaşı ilə bölüşüb. Onun sözlərinə görə, Tillerson Ankarada bəyan edib ki, Suriyada YPG ilə əməkdaşıq məcburiyyətdən doğur, çətin seçim qarşısında qalıblar: “Söhbət hansı məcburiyyətdən gedir? Əgər xatırlayırsınızsa, ABŞ İraqa daxil olanda Türkiyədən ora girişi xahiş etdi. Lakin Ankara Vaşinqtona giriş vermədi, üstəlik özü də Şimali İraqa daxil olmadı. İndi baş verənlər o dövrdə buraxılan boşluqların nəticəsidir. O zaman ABŞ Türkiyəyə regionda özünün ən yaxın müttəfiqi kimi baxırdı. Üstəlik iki dövlət NATO müttəfiqi idi. Türkiyə zamanla bağlı olan keçici maraqlar çərçivəsində Vaşinqtonun istəyini rədd etdi. Nəticədə ABŞ İraqa daxil olduqdan sonar həm də özünə istinad axtardı. Yeni istinad da kürd qrupları oldu. Çünki kürdlərin əlində silah var və onlar döyüşürlər. ABŞ istinad etməyə başqa qüvvə tapmadı. Türkiyə o zaman bu prosesləri kənardan müşahidə etməklə kifayətlənməli oldu”.

Elçin Şıxlı qeyd edib ki, indiki zaman kəsiyində Türkiyə Rusiya ilə “qardaşlaşıb”, Suriyada birgə hərəkət edir: “Bundan sonra Amerikadan başqa nəsə gözləmək çətindir. Çünki ABŞ-ın Rusiya ilə münasibəti çox gərgindir və aydınlaşmayan vəziyyətdədir. Dövlət katibi Reks Tillersonun Ankara səfərinin müsbət nəticələr verməməsi həm də bundan qaynaqlanır. Mənim fikrimcə, həm də prezident Tramp hansı siyasət yürüdəcəyini sona qədər aydınlaşdırmayıb. Bu siyasət aydınlaşdıqdan sonra daha konkret fikirlər demək olar. Zənnimcə, Reks Tillersonun Ankara səfərinə kəşfiyyat xarakterli səfər kimi baxmaq lazımdır. Dövlət katibi gəlib Türkiyənin ağzını aramağa. Hələlik başqa fikir söyləmək çətindir”.

Müsahibimiz Türkiyənin Suriyada “Firat Qalxan” əməliyyatını dayandırılmasını da qiymətləndirib: “Bir daha qeyd edirəm ki, prezident Tramp sona qədər yürüdəcəyi siyasəti tam müəyyən etməyib. Problem bundadır. Suriyada qarşıdurmaların güclənməsi əsasən, ABŞ-Rusiya münasibətlərindən asılı olacaq. Münasibətlər gərgin olacaqsa, qarşıdurmalar da artacaq. Çünki Moskva əlini Suriyadan çəksə Bəşər Əsədin dayağı olmayacaq. Suriyada gedən mübarizə bu ölkənin özündən asılı deyil”.

Elçin Şıxlı Suriyada yeni kürd muxtariyyəti və strukturunun yaradılıb-yaradılmayacağının da mürəkkəb məsələ olduğunu düşünür: “Bu haqda konkret söz demək çətindir. Amma hər şey mümkündür. Düşünmürəm ki, belə bir qurum yaradılacaq. Ancaq bunu istisna etmək də olmaz”.

Cavad


Müəllif:

Oxşar xəbərlər