2 Aprel 2017 20:40
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda keçirilən parlament seçkilərinin ilk saatlarından başlayaraq ciddi qanun pozuntuları qeydə alınıb. Parlament seçkiləri ölkədə olduqca gərgin ictimai-siyasi mühitdə keçirilir.

Müstəqil müşahidəçi Ayk Marutyan İrəvanda seçki məntəqələrində ciddi pozuntuların olduğunu bəyan edib. O bildirib ki, seçki məntəqələrində kameralar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən quraşdırılmayıb. Həmçinin bəzi seçki məntəqələrində müşahidə kameraları ümumiyyətlə işləmir.

Bəzi seçki məntəqələrində texniki qurğularda nasazlığın yaranmasını MSK sədri Tiqran Muçukyan da etiraf edib. Ermənistan Baş Prokurorluğunda yaradılmış işçi qrupuna seçki məntəqələrində qeydə alınan minə yaxın qayda pozuntusu barədə məlumat daxil olub. Seçki məntəqələrində rüşvət vermə faktları da qeydə alınıb. Vətəndaşlar sərbəst şəkildə səs verə bilmirlər.

Ermənistan jurnalistlər klubunun sədri Levon Barseqyan da seçkilərdə saxtakarlığın olduğunu bildirib. O, özünün “Facebook” səhifəsində seçici siyahılarının saxtalaşdırıldığını bəyan edib.

Səsvermə prosesi zamanı seçki məntəqələrinin birində qarşıdurma da yaşanıb. Səsvermə zamanı müşahidəçi ilə seçici arasında dava baş verib.

Bundan başqa, səsvermədə “kurioz” hadisə də baş verib. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan, parlamentin sədri Qalust Saakyan və keçmiş prezident Levon Ter-Petrosyan səs verən zaman elektron aparat onların heç birinin barmaq izlərini tanımayıb.

Müstəqil müşahidəçilər Ermənistanda seçkilərə hazırlıq zamanı 200-dən çox qanun pozuntusu aşkar ediblər. Məntəqələrdə seçki prosesi vaxtından gec başlayıb, səsvermə keçirilən otaqlarda ciddi nöqsanlar aşkarlanıb, bəzi məntəqələrdə seçkinin məxfi şəraitdə keçirilməsinə əməl olunmayıb. “Transparency International” antikorrupsiya mərkəzi də seçkilərdə ciddi qanun pozuntularının aşkarlanması ilə bağlı bəyanat verib. Mərkəzin proqram rəhbəri Varujan Oktanyan seçkilərdə inzibati resurslardan sui-istifadə monitorinqinin nəticələrini açıqlayarkən deyib ki, martın 13-dən 24-dək olan dövrdə seçkidən əvvəl seçici səslərinin satın alınması və ya rüşvət verilməsi ilə bağlı 100-dən çox fakt qeydə alınıb. Bu təşkilat İrəvanda və Ermənistanın daha 12 şəhərində araşdırmalar aparılıb. V.Oktanyan qeyd edib ki, inzibati resurslardan sui-istifadə halları bütün ölkə daxilində aşkarlanıb.

“Əriklər ölkəsi” partiyası isə Ermənistanda və dünyada yaşayan erməniləri parlament seçkilərinin nəticələrini tanımamaqla bağlı aksiyalara çağırıb. Partiyanın bu barədə yaydığı bəyanatda deyilir ki, hakimiyyət seçkilərin nəticələrini saxtalaşdıracaq. Bu siyasi kampaniya klan hakimiyyətinin qalmasında xidmət edir. Hamı başa düşməlidir ki, bu hakimiyyət öz kreslosunu itirmək istəmir.

“İrs” partiyasının qərb yönümlü bazasında yaradılan siyasi təşkilat seçiciləri hakim Respublikaçılar partiyasına və hakimiyyətdə əvvəllər təmsil olunanlara səs verməməyə çağırıb.

Siyasi ekspertlər də seçkilərin qalmaqallı keçəcəyini ehtimal edirlər. Seçkiqabağı baş verən proseslər, hakim partiyanı dəstəkləyənlərin müxalif qüvvələrə qarşı silahlı hücumları, müxalifətin fasiləsiz etiraz aksiyalarına çağırışları seçkilərdən sonra işğalçı ölkədə gərginliyin daha da artacağından xəbər verir.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərində 4 partiya və 5 siyasi blok mübarizə aparır.

/Azərtac/


Müəllif:

Oxşar xəbərlər