Sankt-Peterburq metrosunun iki stansiyasındakı partlayış zamanı ölənlərin sayı 12 nəfərə çatıb.
Məlumatlara görə, cəsədlərdən 8-i vaqonda, 2-si platformada, 2-si isə tuneldə aşkarlanıb. Yaralılardan çoxunun vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağı istisna edilmir.
Bu arada, Rusiya Baş Prokurorluğu insidentin araşdırılmasını öz üzərinə götürüb. Faktla bağlı cinayət işi başlanıb.
Saat 16:20
Xəbər verdiyimiz kimi, Sankt-Peterburqun "Sennaya ploşad" stansiyasında partlayış baş verib. Hadisədən bir neçə dəqiqə sonra şəhərin "Texnologiya institutu-1" stansiyasında növbəti partlayış meydana gəlib.
Məlumatlara görə, partlayış zamanı 10 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Hadisə yerinə çox sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib.
Hadisə ilə bağlı artıq Rusiya prezidenti Vladimir Putin məlumatlandırılıb. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Saat 16:10
Bu gün günorta saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Sennaya ploşad" metro stansiyasında partlayış baş verib.
Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, dərhal metroda evakuasiya işləri aparılıb. Yerli mənbələrdən verilən məlumata görə, partlayışa səbəb vaqonlardan birində yerləşdirilmiş qurğunun işə düşməsidir.
İlkin məlumatlara görə, insident zamanı 10 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Samir