4 Aprel 2017 15:25
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin ötən il avqustun 24-də başladığı “Fərat qalxanı” əməliyyatını bu il martın 29-da başa çatdırdı. Həmin gün Milli Təhlükəsizlik Şurasının toplantısını keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatların uğurla başa çatdığını bildirdi. Bəs, bu əməliyyatların həqiqətən uğurla başa çatdığını söyləmək mümkündürmü? Qarşıya qoyulan hədəflərə tam nail olundumu?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Qabil Hüseynli bildirib ki, “Fərat qalxanı” əməliyyatının Suriya Azadlıq Ordusunun mövqelərinin möhkəmlənməsi və sair kimi müəyyən müsbət nəticələri oldu: "Amma Türkiyə PKK-nın Suriya qanadı olan PYD/YPG-nin silahlı hissələrini tam sıradan çıxara bilmədi. Çünki ruslar Türkiyə ilə imzaladıqları razılaşmanın ruhuna zidd olaraq PYD/YPG-ni müdafiə etməyə başlayıb, onun Moskvada bürosu da açılıb. Üstəlik, ABŞ da bu məsələyə barmaqarası baxır və müəyyən dövrlərdə onlara silah-sursat ötürüb. Bəlkə, indi də ötürməkdə davam edir. Yəni, Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyirdi. Cerablus adlandırılan yaşayış məntəqəsində sərhədlərinin təhlükəsizliyini təmin edə bildi və orda Suriya Azadlıq Ordusunun hissələri yerləşdirildi. Bundan əlavə əraziyə sıravi türkmən dəstələri yerləşdirildi. Amma Fərat çayının digər hissəsində yerləşən – Menbic şəhərində çoxlu kürd yaşayır və müstəqil Kürdüstan dövlətinin yaradılması uğrunda mübarizə aparan PYD/YPG-ni birinci ruslar qanadları altına aldılar. Amerika da bu məsələyə seyrçi münasibət bəsləyir və bəlkə də əl altından onlara silah göndərir. Yəni, demək istəyirəm ki, “Fərat qalxanı” əməliyyatı uğurlu başladı, müəyyən hədəflərə çatdı, amma bütövlükdə Türkiyənin qarşıya qoyduğu məqsədlər yerinə yetirilə bilmədi. Türkiyə üçün ən böyük təhlükə PKK və onunla bir cəbhədə dayanan qüvvələrdən gəlir. Çox təəssüflər olsun ki, Rusiya və ABŞ Türkiyə ordusuna onlara qarşı hərbi əməliyyat başlamağa imkan vermədilər. Türkiyə də bunun acığına hələlik Rakka əməliyyatlarına qarışmaq istəmir. Baxmayaraq ki, ABŞ dövlət katibi Reks Tillerson Ankaraya gəldi, guya hansısa razılaşmalara nail olundu və sair. Amma razılaşmaların bütün detalları açıqlanmadığından dəqiq bir fikir söyləmək mümkün deyil”.

Картинки по запросу qabil hüseynli
Q.Hüseynli qeyd edib ki, ümumiyyətlə, Məsud Bərzaninin də referendum keçirilməsinə dair qərar verməsi kürd təhlükəsini yenidən alovlandırır və Türkiyə üçün yeni böyük bir təhlükənin bünövrəsi qoyulur: "Bir sözlə Yaxşın Şərqdə vəziyyət hələ ki lazım olan istiqamətdə getmir və bu istiqamətlər çox təhlükəlidir".

Qeyd edək ki, bəzi siyasi ekspertlər “Fərat qalxanı” əməliyyatını hərbi baxımdan uğurlu saysalar da, siyasi nöqteyi-nəzərdən əməliyyatın tam hədəfə çatdığını söyləməkdə çətinlik çəkirlər. Onların fikrincə, Türkiyə “Fərat qalxanı” əməliyyatı vasitəsilə hərbi hədəflərinə nail oldu, siyasi hədəflərinə isə yarımçıq nail oldu. Ancaq Q.Hüseynli qeyd edib ki, Türkiyə hərbi hədəflərinə də yarımçıq nail oldu: “Məqsəd YPG-nin silahlı dəstələrini, silahlı qanadını məhv etmək idi. Ona qarşı hərbi əməliyyata imkan vermədilər. Yəni, əsas hərbi təhlükə qalır. Siyasi məqsədlərə də yarımçıq nail olundu. Hələ ki, Suriya Azadlıq Ordusunu müəyyən qədər qoruya bildi, Suriyanın müəyyən hissələri Türkiyənin təsiri altındadır. Amma bu hissələr o qədər də böyük rayonlar deyil. Kərkük kürdlərin təsiri altındadır, orda da referendum keçiriləcək. Türkmənlərin yaşadıqları "Türkmən dağları" adlanan ərazilər isə hazırda Bəşər Əsəd ordusunun təsiri altındadır”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər